Zəngilanda Ekoloji məsələlər üzrə İşçi qrupunun iclası keçirilir

Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib.

Trend xəbər verir ki, iclasda İşçi qrupunda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, həmçinin Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Xocavənd rayonları və Xankəndi şəhəri üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak ediblər.

İclas zamanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən infrastruktur layihələri çərçivəsində yaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyəti müzakirə olunub. Həmçinin xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpası, yeni yaradılan milli parklar, həmin ərazilərin biomüxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki və heyvan növləri barədə məlumat verilib.

 

Bununla yanaşı, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən ekoloji tədbirlər və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihəsi barədə də iclas iştirakçıları məlumatlandırılıb. Eyni zamanda Oxçuçayın suyunun keyfiyyətinin təbii və antropogen təsirlər fonunda dəyişmə dinamikası da müzakirə mövzularından biri olub.

İclasda iştirak edən digər qurumların nümayəndələri tərəfindən infrastruktur layihələrinin icrası zamanı ekoloji icazələrlə bağlı qaldırılan məsələlər, eləcə də müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi və fəaliyyətin daha effektiv əlaqələndirilməsi istiqamətində Əlaqələndirmə Qərargahının verdiyi tapşırıqların icrası ətrafında fikir mübadiləsi aparılıb.