Son illər Çin Mərkəzi Asiya respublikalarının əsas ticarət tərəfdaşına çevrilib. Qarşılılıqlı sərmayə qoyuluşu və qlobal bazarlara çıxış əldə etmək istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri davam edir. Bu əməkdaşlıq Orta Dəhlizin inkişafına və yükdaşımaların artmasına da geniş imkan yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun direktoru Eldor Aripov deyib.
Onun sözlərinə görə, ötən il Çin ilə Mərkəzi Asiya respublikaları arasında ticarət dövriyyəsi rekord səviyyəyə - 106 milyard dollara çatıb.
“Bu isə 2021-ci il ilə müqayisədə demək olar ki, iki dəfə çoxdur. Eyni dinamika investisiya sahəsində də müşahidə olunur. Qarşılıqlı investisiya yatırımı dövlətlərin iqtisadi inkişafına əsaslı dəstək verir. Dünya iqtisadi sistemində müşahidə olunan transformasiya problemsiz deyil. Lakin buna baxmayaraq Çinin regiondakı rolu artmaqda davam edir. Qarşılıqlı əməkdaşlıq ilə yeni tranzit yollar, yük terminalları, dəniz limanları yaradılıb. Bütün bunlar Çinin Avropa və dünyanın digər regionları ilə ticarət dövriyyəsini artırıb, əlaqələrini genişləndirib. Azərbaycan da Çin ilə Avropa arasında mühüm tranzit ölkədir. Geniş tranzit və nəqliyyat infrastrukturuna malik olan Azərbaycan həm Çin, həm də Mərkəzi Asiya respublikalarının qlobal bazarlara çıxışını təmin edir”, - deyə E.Aripov əlavə edib.