Azərbaycan öz unikal coğrafi mövqeyindən maksimum səmərə ilə istifadə etməyə çalışır - Şahmar Mövümov

Azərbaycan Şərq və Qərbi, Şimal və Cənubu birləşdirməyə imkan verən unikal coğrafi mövqeyə malikdir və ölkə bu mövqedən maksimum səmərə ilə istifadə etməyə can atır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Orta Dəhliz və Avrasiya bağlantısına açılan qapı” panel iclasında deyib.

Onun sözlərinə görə, ticarət və nəqliyyat dəhlizləri sahəsində hər hansı əməkdaşlıq dayanıqlı sülh və tərəfdaşlıq olmadan mümkün deyil.

“Bu kontekstdə ötən il münaqişənin başa çatmasına nail olundu və Ağ evdə tarixi razılaşma imzalandı. Orada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan regionda uzunmüddətli münaqişəyə son qoyan və sülh, əməkdaşlıq üçün əsas yaradan bəyannaməni imzaladılar”, – deyə o qeyd edib.

 

Ş.Mövsümov əlavə edib ki, ötən il Orta Dəhliz vasitəsilə Azərbaycan üzərindən ümumilikdə 4,7 milyon ton yük daşınıb.

“Lakin dəhlizlər yalnız marşrutlar deyil. Qeyd olunduğu kimi, onlar həm də enerji və rəqəmsal bağlantılardır. İnkişaf etmiş enerji infrastrukturu və Azərbaycan dəhlizi üzrə həyata keçirilən layihələr burada əsas rol oynayır. Biz dünyanın 16-dan çox ölkəsinə qaz tədarük edirik. Qara dənizlə elektrik kabeli üzrə yeni layihə hazırda həyata keçirilir və bu layihə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirməyi hədəfləyir ki, bu da Xəzər regionundan Avropaya iri həcmdə “yaşıl elektrik enerjisi"nin ötürülməsinə imkan verəcək”, – deyə o bildirib.

Şahmar Mövsümov vurğulayıb ki, effektiv dəhlizlər harmoniyalaşdırılmış gömrük prosedurlarını, infrastruktur üzrə sinxronlaşdırılmış investisiyaları və inteqrasiya olunmuş rəqəmsal sistemlərin olmasını tələb edir.