ABŞ-ın enerji agentliyi neftin qiymətləri ilə bağlı proqnozunu yeniləyir

ABŞ-ın enerji agentliyi 2023-2024-cü illər üçün “Brent” markalı neftin qiymət proqnozunu yenidən nəzərdən keçirir. Beynəlxalq etalonla həmin markalı neftin 2023-cü ildə orta hesabla bir barel üçün 84,09 dollar, 2024-cü ildə isə 94,91 dollar olacağı təxmin edilir.

AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) qlobal neft ehtiyatlarının gözlənilən azalmasını əsas gətirərək, bu il və gələn il üçün “Brent” markalı neftin qiymətinə yenidən baxıb. Bu gün açıqlanan Qısamüddətli Enerji Görünüşündə (STEO) EIA “Brent” markalı neftin qiymətinin bir barel üçün 84,09 dollara, Amerika Qərbi Texas neftinin (WTI) bir barelinin isə 79,59 dollara çatacağını proqnozlaşdırır. Bu rəqəmlər əvvəlki ayın hesabatında müvafiq olaraq 82,62 və 77,79 dollar olub.

Agentlik gələn il üçün “Brent” markalı neftin qiymətinin bir barel üçün orta hesabla 94,91 dollar, WTI-nin isə orta hesabla 90,91 dollar olacağını gözləyir.

Səudiyyə Ərəbistanının könüllü olaraq sutkada 1 milyon barel hasilat kəsintisini bu ilin sonuna qədər uzatmaq qərarı və OPEC+ ölkələri arasında hasilat hədəflərinin azaldılmasına dair razılaşma 2023-cü ilin ikinci yarısında qlobal neft ehtiyatlarının sutkada 200 min barel azalacağını göstərir. Agentlik hesab edir ki, qlobal neft hasilatı istehlakdan azdır və bu, xam neft qiymətlərinin artmasına səbəb olacaq.

EIA qeyd edib ki, OPEC+ razılaşması 2023-cü ildə xam neft hasilatını sutkada 1,4 milyon barel azaldacaq və bu, qeyri-OPEC istehsalçıları tərəfindən gündəlik 2,7 milyon barellik hasilat artımını qismən kompensasiya edəcək. Agentlik, həmçinin 2024-cü ildə OPEC+ alyansı ölkələrinin xam neft hasilatının orta hesabla gündəlik əlavə 300 min barel azalacağını proqnozlaşdırır.

Bu arada, ABŞ xam neft hasilatını artırır. Bu ölkədə xam neft hasilatının keçən ilki 11,91 milyon bareldən bu il orta hesabla 12,92 milyon barelə çatacağı proqnozlaşdırılır. Gələn il isə ölkədə xam neft hasilatının sutkada 13,12 milyon barelə çatacağı gözlənilir.

OPEC ölkələrində maye yanacaq istehsalının 2023-cü ildə 33,30 milyon barelə, 2024-cü ildə isə 33,19 milyon barelə qədər artacağı proqnozlaşdırılır. Qlobal hasilatın da 2022-ci ildəki 99,95 milyon bareldən 2023-cü ildə 101,26 milyon barelə, gələn il isə 102,19 milyon barelə yüksələcəyi təxmin edilir.

OPEC-ə daxil olmayan ölkələrdə hasilat gündəlik 2,18 milyon barel artaraq 2023-cü ilin sonunda orta hesabla 67,96 milyon barel, gələn il isə 69,01 milyon barel olacaq.

Dünya maye yanacaq istehlakının isə 2022-ci ildə orta hesabla sutkada 99,16 milyon bareldən 2023-cü ildə 100,92 milyon barelə, 2024-cü ildə isə 102,24 milyon barelə yüksələcəyi gözlənilir.