Orta Dəhlizin inkişafı ərazi planlaşdırılmasına kompleks və balanslaşdırılmış yanaşma tələb edir.
Trend xəbər verir ki, bunu bu gün BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru İrfan Əli Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş brifinqdə deyib.
“Belə dəhlizlər yeni imkanlar yaratmaqla yanaşı şəhərlərin inkişafının kənd ərazilərinin hesabına baş verməməsi, əksinə onların qarşılıqlı əlaqəsinin təmin olunması üçün balanslaşdırılmış məkan planlaşdırılmasını tələb edir”, – deyə o qeyd edib.
Əlinin sözlərinə görə, region ölkələrində yeni şəhərlərin tikintisi üzrə iri layihələr həyata keçirilir.
“Nümunələr arasında Qırğızıstanda Asman, Qazaxıstanda Alatau, Yeni Daşkənd, eləcə də Türkmənistanda Axal şəhərlərini göstərmək olar. Bu şəhərlərin inkişafı inklüzivlik, dayanıqlı inkişaf və müasir şəhərsalma planlaşdırması prinsiplərinin tətbiqini tələb edir”, – deyə o vurğulayıb.
O həmçinin qeyd edib ki, Mərkəzi Asiyada yerli səviyyədə iqlim riskləri, o cümlədən ekstremal istilər və istilik dalğaları kimi amillər qiymətləndirilməməlidir; bu hallar region şəhərləri üçün getdikcə daha ciddi çağırışa çevrilir.
Bundan əlavə, Əli xatırladıb ki, bu yaxınlarda “UN-Habitat” İstanbulda Şərqi Avropa və Mərkəzi Asiya üzrə yeni regional ofisini açıb.
“Bu, vaxtında verilmiş qərardır, çünki region iqtisadi transformasiya, şəhər inkişafı və humanitar bərpa proseslərinin kəsişməsində yerləşir. Bu, şəhər transformasiyası proseslərini nümayiş etdirmək və region ölkələrinə necə dəstək verməyi planlaşdırdığımızı göstərmək üçün mühüm imkandır”, – deyə o bildirib.