2024-cü ilin noyabr ayında keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İslam İnkişaf Bankı Qrupu ilə "Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi" layihəsi üzrə sazişlər imzalanıb.
Trend-in məlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilir ki, bu layihə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində beynəlxalq maliyyə institutu tərəfindən dövlət zəmanəti ilə maliyyələşdirilən ilk layihə olub. Layihə çərçivəsində Cəbrayıl və Füzuli rayonlarında 252,0 min hektar ərazinin su təminatının yaxşılaşdırılması və 12620 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi məqsədilə "Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi" layihəsinin maliyyələşdirilməsi üçün İslam İnkişaf Bankı ilə 2024-cü il 14 noyabr tarixində 96,48 mln. ABŞ dolları məbləğində kredit sazişi imzalanıb.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan daha bir infrastruktur layihəsi Qarabağ zonasının və ona bitişik ərazilərdə yerləşən 9 rayonun (Mingəçevir, Yevlax, Goranboy, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan və İmişli rayonları) 115 min hektara yaxın əkin sahələrinin suvarılması, yaşayış məntəqələrinin içməli və məişət suları ilə təmin edilməsi məqsədini daşıyan 436,39 mln. ABŞ dolları məbləğində "Qarabağ suvarma kanalının yenidən qurulması" layihəsinin İslam İnkişaf Bankı Qrupu tərəfindən maliyyələşdirilməsi üzrə danışıqlar aparılır. Bu layihəyə dair sazişlərin İslam İnkişaf Bankı Qrupunun 2026-cı ildə Azərbaycanda keçiriləcək İllik Toplantıları çərçivəsində imzalanması hədəflənir.