Abşeron layihəsi üzrə Birgə Müəssisə - TotalEnergies, SOCAR və XRG - Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsinin (ƏMSSTQ) ictimaiyyətə açıqlandığını elan etməkdən məmnundur. Bu açıqlama Azərbaycan Respublikasının "Ətraf mühitə təsirin qiymətləndirilməsi barədə" 1175 saylı, 12 iyun 2018-ci il tarixli qanununun, ətraf mühit və sosial sahə üzrə beynəlxalq fəaliyyət standartlarının tələblərinə və BM-in layihənin şəffaf və məsuliyyətli qaydada işlənməsini təmin etmək öhdəliyinə uyğun olaraq həyata keçirilir.
ƏMSSTQ hesabatının layihə variantının açıqlanması üçün aşağıdakı ünvanlarda ictimaiyyət ilə məsləhətləşmə xarakterli iki görüş təşkil edəcəkdir:
- 02 aprel 2026-cı il, saat 10:00 – 13:00: Landmark III Biznes Mərkəzi (Konfrans otağı), Bakı,
- 03 aprel 2026-cı il, saat 10:00 – 13:00: Səngəçal Mədəniyyət Evi
ƏMSSTQ sənədinin layihə variantının çap olunmuş nüsxəsini aşağıdakı ünvanlardan əldə edə bilərsiniz:
- Landmark III Biznes Mərkəzi - Lobbi – Nizami küçəsi 90A – Bakı,
- Səngəçal Mədəniyyət Evi – Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Suvorov küçəsi,
- Azərbaycan-Fransız Universiteti - Lobbi – Nizami küçəsi 183 – Bakı.
ƏMSSTQ sənədinin layihə variantı aşağıdakı saytddan yüklənə bilər:
https://totalenergies.com/fr/azerbaidjan/absheron-ffd-esia
Sizinlə yuxarıdakı ünvanlarda keçiriləcək görüşlərdən birində şəxsən görüşməyi səbirsizliklə gözləyirik.
ƏMSSTQ sənədinin açıqlanmasında məqsəd:
- Abşeron layihəsinin əhatə dairəsi, fəaliyyətləri və gözlənilən təsirləri barədə məlumat vermək,
- Maraqlı tərəfləri, o cümlədən, hökumət orqanlarını, yerli icmaları, QHT-ləri və ümumi ictimaiyyəti layihənin ətraf mühitə və sosial sahəyə təsirləri barədə məlumatlandırmaq,
- İctimaiyyətin ƏMSSTQ sənədini nəzərdən keçirməsinə və rəylərini, narahatlıq doğuran məsələləri və ya tövsiyələrini bölüşməsinə imkan yaratmaqdır.
Layihə barədə ümumi məlumat:
Abşeron qaz və kondensat yatağı Xəzər dənizində, sahildən 100km cənub-şərqdə yerləşir. Birgə Müəssisəyə TotalEnergies EP Abşeron B.V (TEPAB) (35%), SOCAR Abşeron (35%) və ADNOC XRG (30%) daxildir. İlk işlənmə mərhələsi üzrə hasilat 2023-cü ilin iyulunda başlayıb. Birinci mərhələdə sualtı hasilat quyusu SOCAR-ın Neft Daşlarındakı mövcud qurğularına birləşdirilmiş yeni qaz emal platformasına qoşulub. Gündəlik hasilat gücü 4 milyon kub metr qaz və 13 000 barel kondensatdır. Qaz Azərbaycanın yerli bazarında satılır.
1-ci mərhələdən sonra partnyorlar, 2025-ci ilin əvvəllərində start verilmiş İlkin texniki layihələndirmə (İTL) ilə Abşeron yatağının tammiqyaslı işlənməsini davam etdirmək barədə qərar qəbul etmişdir. Yekun Sərmayə Qərarının (YSQ) 2026-cı il ərzində qəbul olunması qarşıya məqsəd qoyulub. Yatağın Tammiqyaslı İşlənməsi mərhələsi ilə maksimum hasilat dövründə 110 min bne/gün əlavə hasilatın təmin ediləcəyi gözlənilir. İşlənmə konsepsiyasına qaz və mayelərin emalı və ixracı məqsədilə 140km-lik çoxfazalı sualtı boru kəməri ilə Səngəçal ərazisində quruda inşa edilən yeni qurğulara qoşulan üç dərinsulu quyu vasitəsilə əhəmiyyətli sualtı işlənmə mərhələsi daxildir. Maksimum hasilat dövründə, 2-ci mərhələdə gündəlik qaz hasilatı 12,7 milyon kub metr (ildə 4,5 milyard kub metr) təşkil edəcək və 1-ci mərhələ üzrə hasilatdan əlavə, ilk dövrdə gündə 35 000 barel kondensat hasil ediləcəkdir.