Mayın 17-dən 22-dək keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Bakını daha təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılması üçün qlobal müzakirələrin mərkəzinə çevirəcək.
AZƏRTAC xəbər verir ki, bunu “Bakı KOB evi”ndə keçirilən “WUF13 - özəl sektor üçün məlumatlandırma sessiyası”nda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Anna Soave deyib.
O vurğulayıb ki, 2001-ci ildə təsis edilən BMT-nin Ümumdünya Şəhərsalma Forumu dayanıqlı şəhər inkişafına həsr olunan ən böyük qlobal platformaya çevrilib.
“Azərbaycan üçün WUF13-ə ev sahibliyi etmək xüsusi bir məqamdır. Bakı daha təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılması üçün qlobal müzakirələrin mərkəzinə çevriləcək. Bu məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi ilə daha da güclənib. Şəhərlər insanların sağlamlığına, təhlükəsizliyinə, məhsuldarlığına və ümumi iqtisadiyyata təsir edir. Bununla yanaşı, şəhərlər iqlim dəyişikliklərinə, enerji keçidinə, nəqliyyat ehtiyaclarına, kənd yerlərindən şəhərlərə köçə və sürətli texnoloji transformasiyaya cavab verməlidir. Şəhərləri yalnız memarlar, şəhərsalma mütəxəssisləri və idarəçilər formalaşdırmır. Şəhərlər həm də bizneslərin hər gün şəhər mühitinə gətirdiyi ideyalar, innovativ həllər və investisiyalar ilə formalaşır. Hazırda dünyada 3 milyarddan çox insan acınacaqlı yaşayış şəraitində, 1 milyarddan çox insan isə qeyri-qanuni yaşayış məskənlərində yaşayır. Şəhər inkişafı dövrümüzün ən böyük iqtisadi imkanlarından biri hesab olunur. Şəhərlər dayanıqlı gələcəyin əsas hərəkətverici qüvvəsidir. Gələcəyin şəhərləri qarşılıqlı əməkdaşlıq şəraitində formalaşacaq. Buraya dövlət-özəl sektor əməkdaşlığı daxildir. Ümid edirəm ki, WUF13 bu əməkdaşlığın qurulmasına töhfə verəcək”, - deyə Anna Soave qeyd edib.