Ələt Azad İqtisadi Zonası regional logistika və sənaye habına çevrilir - AZPROMO rəsmisi

Ölkəmizdə beynəlxalq ticarət və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi, yeni ortaq layihələrin reallaşdırılması və uzunmüddətli iqtisadi tərəfdaşlıqların qurulması üçün güclü zəmin yaradılıb.

Trend xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müşaviri Sevil Yəhyayeva “WUF13 - Özəl sektor üçün məlumatlandırma sessiyası"nda deyib.

AZPROMO-nun rəsmisi qeyd edib ki, İnvestisiya mühitinin əlverişli olmasında həmçinin infrastruktur və institusional təşviqlər də mühüm rol oynayır. Azərbaycanda yaradılan iqtisadi zonalar, investisiya təşviqi mexanizmləri, vergi və gömrük güzəştləri investorlar üçün geniş imkanlar təqdim edir:

“Bu baxımdan, Ələt Azad İqtisadi Zonası (AFEZ) xüsusi əhəmiyyət daşıyır. AFEZ yalnız xüsusi hüquqi və iqtisadi rejimə malik zona deyil, eləcə də Azərbaycanın regionda istehsal, emal, ticarət və logistika habına çevrilməsi strategiyasının mühüm tərkib hissəsidir. Xəzər hövzəsi, Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropa bazarlarına çıxış imkanları, liman infrastrukturu və beynəlxalq nəqliyyat marşrutları ilə inteqrasiya AFEZ-i regional dəyər zəncirlərinin formalaşdırılması üçün cəlbedici edir. Hazırda AFEZ-də karqo daşımalarını reallaşdırmaq məqsədilə hava yükdaşıma klasteri (Ələt Karqo Hava Limanı, Karqo Kəndi) yaradılır. Bu infrastruktur layihələri AFEZ-in müxtəlif nəqliyyat növlərinin inteqrasiyası təmin edilmiş strateji sənaye mərkəzinə çevrilməsi üçün mühüm perspektivlər yaradır”.

 

S.Yəhyayeva bildirib ki, Azərbaycanın artan nəqliyyat-tranzit imkanları özəl sektor üçün mühüm üstünlüklər yaradır.

“Orta Dəhliz boyunca formalaşan yeni iqtisadi reallıq, rəqəmsal həllərlə gücləndirilən logistika marşrutları və ticarətin asanlaşdırılması istiqamətində atılan addımlar regionun tranzit xəritəsini yenidən müəyyənləşdirir. Orta Dəhlizin mühüm elementi olan Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyətinin 5 milyon tona çatdırılması, yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, fəaliyyət göstərən 9 beynəlxalq hava limanı Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi rolunu daha da gücləndirir”.