ABŞ-dən Azərbaycana və əks istiqamətə pul köçürmələri artıb

2025-ci ildə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 76,397 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ildəki göstərici ilə müqayisədə 15,972 milyon ABŞ dolları və ya 26,4% çoxdur.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində ABŞ-nin payı 15,1% təşkil edib. Bununla da ABŞ Azərbaycandan ən çox pul köçürülən ölkələr siyahısında Türkiyədən sonra ikinci pillədə qərarlaşıb.

Həmçinin 2025-ci ildə ABŞ-dən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 100,718 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 35,7 milyon ABŞ dolları və ya 55% artım deməkdir.

 

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində ABŞ-nin payı 8,6% təşkil edib.

2024-cü ildə Azərbaycandan ABŞ-yə fiziki şəxslərin pul köçürmələrinin həcmi 60,425 milyon ABŞ dolları, əks istiqamətdə isə 64,984 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.