Son 20 ildə Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə həyata keçirilmiş uğurlu iqtisadi siyasət və dövlət dəstəyi nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı da stabil və davamlı inkişaf yoluna qədəm qoyub. Kənd təsərrüfatının əsas sektorlarından olan meyvəçilik və tərəvəzçilik bu dövrdə yüksək dinamika ilə inkişaf edərək, qeyri-neft sektorunda məhsul istehsalı və ixracında mühüm yer tutub.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzov bununla bağlı AZƏRTAC-a açıqlamasında bildirib ki, ölkədə kartof, tərəvəz və bostan məhsullarının istehsalı 2003-cü illə müqayisədə 1,6 dəfə artaraq 2022-ci ildə 3366,9 min ton olub. Müqayisə olunan dövrdə artım müvafiq olaraq tərəvəzdə 1,7 dəfə, kartofda 39,7 faiz, bostan məhsullarında isə 31,6 faizdir.

Qeyd edək ki, bu illər ərzində istixana şəraitində yetişdirilən tərəvəzlərin sahələri də ilbəil genişlənmişdir.
Bu barədə danışan S.Novruzov qeyd edib ki, müqayisə olunan dövrdə ölkə üzrə məhsuldarlıq göstəriciləri bostan bitkilərində 2,1 dəfə, kartofda 53,2 faiz, tərəvəzdə isə 40,0 faiz artıb. Belə ki, 2022-ci ildə ölkədə bostan bitkilərinin məhsuldarlığı 233 sent/ha, tərəvəzin məhsuldarlığı 196 sent/ha, kartofun məhsuldarlığı isə 190 sent/ha-ya çatıb.

Tərəvəzçilik sahəsi üzrə yanaşı, meyvəçilik sahəsinin istehsal və məhsuldarlıq göstəricilərində də ciddi şəkildə artım müşahidə edilib. Belə ki, ölkədə meyvə və giləmeyvə istehsalı 2003-cü illə müqayisədə 2,2 dəfə artaraq 2022-ci ildə 1253,1 min ton olub.
Nazirliyin rəsmisi diqqətə çatdırıb ki, bu illər ərzində meyvə və giləmeyvə bağlarının sahəsi təqribən 2,5 dəfə artaraq 222,4 min hektar olub. Artıq 2022-ci ildə bar verən yaşda olan bağların sahəsi isə 174,4 min hektara çatıb. Qeyd edək ki, 2018-ci ilə nisbətən 2022-ci ildə intensiv üsulla becərilən bağların sahəsi 32,3 faiz artaraq 33 min hektar, superintensiv bağların sahəsi isə 47,4 faiz artaraq 2959 hektar olub. İntensiv bağlarda əsasən nar, feyoxa, naringi, alma, şaftalı, gavalı, gilas, fındıq, qoz və badam, superintensiv bağlarda isə şaftalı, gilas, badam və alma sahələri üstünlük təşkil edib.
2022-ci ildə meyvə və giləmeyvə bağlarının məhsuldarlığı 71,5 sent/ha olub ki, bu da son 5 illə müqayisədə orta hesabla hər hektardan 3,5 sentner daha artıq məhsul əldə edildiyini göstərir.

“Bu illər ərzində ölkə ərazisində meyvə, giləmeyvə, kartof, tərəvəz və bostan bitkilərinin istehsal göstəricilərində müşahidə edilən inkişaf dinamikasına təsərrüfatçılıqda intensiv istehsal üsullarından, müasir texnologiyalardan, damla suvarma sistemlərindən, istehsal vasitələrindən, məhsuldar bitki sortlarından, eləcə də digər resurslardan səmərəli istifadə hesabına nail olunub”, - deyə şöbə müdiri bildirib ki, bütün bunların nəticəsində ölkə üzrə meyvə və tərəvəz məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlib və yerli istehsal potensialı hesabına ixracın həcmində əhəmiyyətli dərəcədə artım müşahidə edilib.
Ölkədə bu bitkilərin istehsalı ilə yanaşı, onların emal məhsullarının istehsal həcmində də inkişaf meyli qeydə alınıb. Belə ki, 2003-2022-ci illər ərzində meyvə-tərəvəz konservləri və şirələrinin istehsalı 11,8 dəfə artaraq 2022-ci ildə 237,8 min tona çatıb.
“Müqayisə olunan illər ərzində cəmi meyvə və tərəvəz ixracı 4,2 dəfə və ya 490,4 milyon ton həcmində kəskin artıb. 2022-ci ildə 643,7 milyon ton və ya 667,6 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz ixrac edilib. Xüsusilə qeyd edək ki, pomidor, xurma və fındıq ixracı son illərdə qeyri-neft sektoru üzrə ilk beşliyə daxil olan məhsullar sırasındadır. Meyvəçilik sahəsində əsas ixrac məhsulları olan nar və xurma ixracı 2017-ci illə müqayisədə fiziki çəkidə müvafiq olaraq 3,5 dəfə və 24,8 faiz, fındıq ixracı isə son 5 ildə 10,8 faiz artmışdır. Eyni zamanda, tərəvəz ixracından faraş kartof və soğan məhsulları üstünlük təşkil edib. 2003-cü ildə 28 min ton olan bostan məhsullarının ixracı isə 2022-ci ildə 15,7 milyon tona qədər artıb.
Son 5 ildə meyvə-tərəvəz şirələri və konservlərinin ixracı fiziki çəkidə 38,5 faiz artaraq 2022-ci ildə 19,6 min ton və ya dəyər ifadəsində 24,7 milyon ABŞ dolları olub. Qeyd edək ki, 2017-ci illə müqayisədə nar şirəsinin ixracı təqribən 28,6 faiz artıb, 2022-ci ildə 8,8 min tona və ya 11,4 milyon ABŞ dolları dəyərinə çatıb”, - deyə S.Novruzov vurğulayıb.
Ölkədə kartofçuluq və tərəvəzçilik sahəsi üzrə ixtisaslaşmış texnika sayına gəldikdə, şöbə müdiri qeyd edib ki, müqayisə olunan dövr ərzində texnika sayı təqribən 8 dəfə artıb. Belə ki, 2022-ci ilin rəsmi statistik məlumatlarına əsasən, ölkədə 64 ədəd kartofyığan və 141 ədəd çuğunduryığan maşın mövcuddur. Müqayisə olunan dövrdə kartofyığan maşınla təminat səviyyəsi 6 dəfə artaraq hər min hektara 1,2 ədədə, çuğunduryığan maşınla təminat səviyyəsi isə 5,3 dəfə artaraq hər min hektara 27,8 ədədə qədər yüksəlib.