Enerji marşrutlarının taleyi: Niyə dünya Zəngəzur və Orta Dəhlizə möhtacdır?

Hörmüz boğazında baş verən gərginlik dünya enerji və ticarət bazarlarında ciddi narahatlıqlar yaradıb. Bu bölgədəki geosiyasi risklər yalnız Yaxın Şərq ölkələrini deyil, həm də Avropa və Asiya ölkələrini birbaşa təsir altına alır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Cafer Dal bildirib.

Ekspertin fikrincə, regionda alternativ nəqliyyat və enerji marşrutlarının strateji əhəmiyyəti son dərəcə yüksəkdir. Onun sözlərinə görə, bu marşrutlar qlobal bazarlarda sabitliyi təmin etməklə yanaşı, regional əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Cafer Dal bildirib ki, Hörmüz boğazında hər hansı blokada və ya təhlükə yaranarsa, Zəngəzur dəhlizi alternativ yol kimi çıxış edir.

“Bu dəhliz yalnız yük daşımaları üçün deyil, həm də enerji resurslarının təhlükəsiz və davamlı nəqli üçün əvəzsiz vasitədir. Zəngəzur dəhlizi vasitəsilə yük daşımaları sürətlənir, tranzit riskləri azalır və enerji nəqliyyatında etibarlılıq artır. Bu marşrut həm iqtisadi, həm də geosiyasi baxımdan region üçün böyük əhəmiyyət kəsb edir. Orta Dəhliz layihəsi də qlobal ticarət və enerji marşrutlarının diversifikasiyası baxımından strateji rol oynayır. Orta Dəhliz yalnız tranzit risklərini minimuma endirmir, həm də qlobal bazarlarda qiymət sabitliyini təmin edir. Zəngəzur və Orta Dəhliz layihələrinin strateji əhəmiyyəti yalnız iqtisadiyyatla məhdudlaşmır. Bu dəhlizlər Azərbaycanın geosiyasi mövqeyini gücləndirir və regional əməkdaşlıq üçün mühüm zəmin yaradır”, — deyə Cafer Dal vurğulayıb.

Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizi mədəni və iqtisadi əlaqələrin inkişafına da töhfə verir: “Bu marşrut vasitəsilə region ölkələri arasında əməkdaşlıq möhkəmlənir. Bu layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi və strateji baxımdan region üçün həyati əhəmiyyət daşıyır”.