İRİA rəsmisi: Hazırda Azərbaycanda aerokosmik sahədə çalışan bir neçə startap var

Beynəlxalq Astronavtika Konqresinin Sərgi pavilyonunda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi kosmik sahədə fəaliyyət göstərmək istəyən şəxslər üçün öz stendində onlara xüsusi yer ayırmışdı. Hazırda Azərbaycanda aerokosmik sahədə çalışan bir neçə startap var. Bu startaplar müxtəlif beynəlxalq müsabiqələrdə iştirak edirlər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr əvəzi İnarə Vəliyeva deyib.

İnarə Vəliyeva qeyd edib ki, Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçirilən sərgidə 5 gün ərzində müxtəlif startaplarımız təqdim olundu. Onlardan biri Türkiyədə keçirilmiş “Texnofest”də iştirak edib. Həmçinin bu startapın yaradıcısı fevralda Türkiyədə baş vermiş zəlzələ zamanı öz icadı olan avadanlıqla qardaş ölkədə xilasetmə işlərinə köməklik edib.

“Bu bir daha sübut edir ki, bizim ölkədə istedadı və bacarığı olan insanlar çoxdur. Onlara bu bacarıqları göstərmək üçün şərait yaradılmalıdır ki, onlar hər hansı bir böyük layihələrdə iştirak edib, tam olaraq öz layihələrinin tətbiqinə başlasınlar. Hazırda ölkəmizdə kosmik sahədə az sayda startap var. Onlar daha çox qəliblərin hazırlanması və müxtəlif məhsulların istehsalı ilə məşğuldurlar. 50 ildən sonra Beynəlxalq Astronavtika Konqresinin yenidən Azərbaycanda keçirilməsi bu sahənin ölkəmiz üçün önəmini vurğulayır. Dünya da artıq Azərbaycanı bu sahədə Astronavtika xəritəsində görür. Ölkəmiz üçün kosmik sahə artıq prioritetə çevrildiyi üçün astronavtikaya maraq daha çox artacaq. Xüsusilə gənclərin və məktəblilərin bu sərgini ziyarət etməsi onların gələcəkdə bu sahədə fəaliyyətlərinə bir təkan olacaq”, - deyə İ.Vəliyeva əlavə edib.

İRİA rəsmisi bildirib ki, hazırda Azərbaycanda investisiya alətlərinin inkişafı üzrə müxtəlif istiqamətlərdə işlər aparılır. Lakin əlavə vençur fondların yaradılması üçün ölkədə kifayət qədər startap olmalıdır. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yerli startap ekosisteminin inkişafı istiqamətində ölkənin ilk rəsmi Mələk İnvestorlar Klubu olan “Technovate – Sabah” ilə əməkdaşlığa davam edir. Ölkədə mələk investorların sayının artması startaplara böyük dəstək olacaq. Bu səbəbdən “Technovate-Sabah” klubu Azərbaycanda mələk investor olmaq istəyənlər üçün məktəb açıb. Ölkədə ilk dəfə fəaliyyətə başlayacaq məktəbin məqsədi mələk investorlara ilk olaraq nəzəri, daha sonra isə onları klub üzvü etməklə təcrübi biliklərə yiyələnməsini təmin etməkdir. Bundan əlavə, İRİA olaraq daha iki mələk investor klubuna dəstək göstərir.