Hörmüz boğazının faktiki olaraq bağlanması bütün qlobal iqtisadiyyatı tədricən bürüyə biləcək dərin bir böhrana səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) ekspertləri bildiriblər.
Qeyd olunub ki, fevralın sonlarında başlayan eskalasiyadan sonra daha da pisləşən vəziyyət boğazda dəniz nəqliyyatının 95 faiz azalmasına səbəb olub. Belə ki, tranzitlər fevral ayında gündə 130 gəmidən mart ayında cəmi altı gəmiyə düşüb. Əsas enerji arteriyasındakı fasilələr neft və qaz təchizatında çatışmazlığa, dəniz və hava yükdaşımaları da daxil olmaqla əlaqəli logistika sistemlərinin iflic olmasına səbəb olub.
Yanacaq qiymətlərinin kəskin artması qlobal miqyasda malların istehsalı və daşınması xərclərini artırıb. UNCTAD qeyd edir ki, bu, əsasən Hörmüz boğazından keçən neft və mayeləşdirilmiş təbii qaz tankerləri ilə yüklərin daşınmasına təsir göstərir, konteyner daşımaları isə artan xərclər səbəbindən dolayı təzyiqlə üzləşir.
Avropa və Cənubi Asiya xüsusi risk altındadır, çünki bu regionlar Yaxın Şərq ixracatından daha çox asılıdır. Əgər fasilələr davam edərsə, qiymətlər uzun müddət yüksək səviyyədə qalacaq.
UNCTAD onu da qeyd edir ki, geosiyasi qeyri-sabitlik şəraitində qlobal mal ticarətinin artımı 2026-cı ildə 2025-ci ildəki 4,7 faizdən 1,5-2,5 faizə qədər azala bilər. Qlobal ÜDM artımının da 2,9 faizdən 2,6 faizə düşəcəyi gözlənilir.
Vəziyyət maliyyə qeyri-sabitliyi ilə daha da ağırlaşır: investorlar inkişaf etməkdə olan ölkələrdən kapitalı kütləvi şəkildə çıxarırlar ki, bu da valyutaların zəifləməsi, qida və gübrə kimi vacib idxal məhsullarının qiymətinin artması deməkdir. Bu, həmçinin ölkələrin beynəlxalq bazarlarda artan borclanma xərcləri ilə üzləşməsi anlamına gəlir.
Borc xidməti xərclərinin səhiyyə və təhsil xərclərini aşdığı ölkələrdə artıq 3,4 milyard insan yaşayır və bunu nəzərə alan UNCTAD qlobal borc böhranı ehtimalı barədə xəbərdarlıq edir.