Azərbaycan-Çin ticarət və investisiya əlaqələri müzakirə edilib

Azərbaycanla Çin arasında ticarət və investisiya əlaqələri müzakirə edilib.

Trend bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya istinadən xəbər verir.

Belə ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Çin Beynəlxalq İqtisadi və Texniki Əməkdaşlıq Mərkəzinin (CICETE) nümayəndə heyəti ilə görüş keçirilib.

 

Görüşdə Azərbaycanla Çin arasında ticarət və investisiya əlaqələri barədə məlumat verilib. Bildirilib ki, sərgi və tədbirlərin təşkilini həyata keçirən CICETE Çin Beynəlxalq Xidmət Ticarəti Sərgisinin (CIFTIS) təşkilatçısı qismində də çıxış edir. Bu çərçivədə Azərbaycan şirkətlərinin bu ilin 9-13 sentyabr tarixlərində Pekin şəhərində keçiriləcək sərgidə iştirak imkanları ətrafında müzakirə aparılıb.

Görüş zamanı müvafiq sahələr üzrə yerli kadrların təkmilləşdirilməsi məqsədilə CICETE tərəfindən təşkil olunan təlim proqramlarına, o cümlədən Çin bazarı və marketinq strategiyalarına dair sessiyalara cəlb edilməsi perspektivləri nəzərdən keçirilib.