Azərbaycan və Türkiyə sukuk bazarı ilə bağlı müzakirələr aparıb

Azərbaycan və Türkiyə arasında sukuk bazarı ilə bağlı müzakirələr aparılıb.

"Report" bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.

Məlumata görə, Türkiyənin Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin təşkilatçılığı ilə qonşu ölkənin aparıcı maliyyə institutları və texnologiya şirkətlərinin nümayəndə heyəti birjada olub. Görüşdə "Golden Global Yatırım Bankası", "Kuveyt Türk Portföy Yönetimi", "Katılım Emeklilik Hayat" və "Türkiye Katılım Sigorta" Anonim Şirkətlərinin və "TriO Blockchain Labs" nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı maliyyə məhsullarının inkişafı və xəzinədarlıq əməliyyatları, texnologiya və rəqəmsal infrastrukturun qurulması, sukuk bazarı, eləcə də portfel idarəçiliyi və investisiya xidmətləri üzrə fikir mübadiləsi aparılıb.

Bu görüş regional kapital bazarları arasında tərəfdaşlığın gücləndirilməsi, yeni maliyyə alətlərinin inkişafı və innovativ həllərin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.