Avropanın enerji arxitekturasının davam edən transformasiyası və region ölkələrinin enerji təchizatı mənbələrinin şaxələndirilməsinə yönəlmiş səylərinin artması fonunda Serbiya enerji təhlükəsizliyi sahəsində öz strategiyasını fəal şəkildə yenidən nəzərdən keçirir.
Yeni infrastruktur marşrutlarının formalaşdırılması, ənənəvi tədarükçülərdən asılılığın azaldılması və strateji əhəmiyyətli tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi bu gündəliyin əsas istiqamətləridir. Bu kontekstdə ən perspektivli tərəfdaşlardan biri Serbiyanın enerji balansı üçün əhəmiyyəti durmadan artan Azərbaycandır. Bu həm Cənub Qaz Dəhlizi vasitəsilə qazın nəqli, həm də Azərbaycan tərəfinin qaz elektrik stansiyasının inşası və yeni interkonnektor xəttlərinin yaradılmasının da yer aldığı iri strateji təşəbbüslərdə iştirakı ilə bağlıdır.
Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç Bakıya səfəri çərçivəsində "Report"a eksklüziv müsahibəsində Serbiya və Azərbaycanın energetika sahəsində perspektivli əməkdaşlıq istiqamətləri, qaz idxalı həcmlərinin artırılması niyyətləri, infrastrukturun inkişafı və "yaşıl enerji"yə keçid barədə danışıb.
Həmin müsahibəni oxucularımıza təqdim edirik:
- Avropanın enerji bazarlarında davam edən dəyişikliklər və Qərbi Balkan dövlətlərinin məhdud sayda tədarükçülərdən asılılığı azaltmaq istəyi şəraitində Serbiya hazırda enerji təhlükəsizliyinin təmin edilməsi və enerji təchizatı mənbələrinin şaxələndirilməsi üzrə öz yanaşmasına yenidən baxışı necədir? Bu strategiyada Azərbaycanla qarşılıqlı fəaliyyət hansı yeri tutur?
- Serbiya və Azərbaycanı möhkəm dostluq əlaqələri və aktiv ikitərəfli qarşılıqlı fəaliyyət birləşdirir - özü də təkcə hər iki ölkənin ərazi bütövlüyü və dövlət suverenliyinin qorunması məsələlərində bir-birinə qarşılıqlı dəstək göstərdiyi siyasi səviyyədə deyil, həm də bir sıra digər sahələrdə. Azərbaycanın tikinti şirkətləri uzun illərdir, nəqliyyat infrastrukturunun modernləşdirilməsində iştirak edir, yaxın gələcəkdə isə Belqrad və Bakı arasında müntəzəm hava əlaqəsinin açılması gözlənilir ki, bu da iki ölkəni daha da yaxınlaşdırmağa və turizm, eləcə də sahibkarlıq sahələrində əlavə imkanlar yaratmağı asanlaşdıracaq.
İkitərəfli əməkdaşlığın inkişafına və strateji tərəfdaşlığın formalaşmasına əsas töhfəni hər iki dövlətin başçıları - Serbiya Prezidenti Aleksandr Vuçiç və Azərbaycan Prezidenti İlham Əliyev verib. Məhz bunun sayəsində konkret layihələrin, ilk növbədə, energetika sahəsindəki layihələrin irəliləyişi üçün şərait yaradılıb.
Enerji təchizatı mənbələrinin şaxələndirilməsi Serbiyanın enerji strategiyasının əsas prioritetləri sırasına daxildir. Mərkəzi və Şərqi Avropa ölkələrinin üzləşdiyi enerji sahəsindəki aktual çağırışlar, eləcə də Yaxın Şərqdəki vəziyyət əyani şəkildə nümayiş etdirir ki, tədarüklərin etibarlılığı həm mənbələrin özlərinin, həm də nəqliyyat marşrutlarının şaxələndirilməsi, səmərəli regional qarşılıqlı fəaliyyət və dayanıqlı enerji sisteminin qurulması şərti ilə mümkündür.
Serbiya alternativ qaz mənbələrindən, o cümlədən Cənub Qaz Dəhlizi vasitəsilə ötürülən Azərbaycan təbii qazından istifadə etmək imkanını ilk dəfə məhz 2023-cü ildə qazanıb. Bu fürsət Serbiya ilə Bolqarıstan arasında inşa edilmiş qaz interkonnektorunun istismara verilməsi sayəsində mümkün olub. Artıq ardıcıl olaraq üçüncü ildir, Azərbaycandan qaz idxalı həyata keçirilir və buna paralel olaraq baza generasiyasının yeni mənbəyinə çevrilmək və enerji təhlükəsizliyinin səviyyəsini artırmaq məqsədi daşıyan qaz elektrik stansiyasının inşası üzərində birgə iş aparılır. Bu layihənin həyata keçirilməsi ölkənin elektrik enerjisi sisteminin əlavə sabitləşməsini təmin edəcək, enerji tədarükünün etibarlılığına müsbət təsir göstərəcək və bu gün Serbiyanın enerji sisteminin əsasını təşkil edən kömür elektrik stansiyaları ilə müqayisədə karbon qazı tullantılarının azaldılmasına kömək edəcək. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu layihədə sadəcə qaz tədarükçüsü rolunda deyil, həm də qaz elektrik stansiyasının tikintisi və inkişafı üzrə strateji tərəfdaş kimi çıxış etməsi xüsusi əhəmiyyət kəsb edir.
- 2025-ci ilin sonuna qədər Azərbaycan təbii qazının Serbiyaya ixrac həcmləri əhəmiyyətli artım nümayiş etdirib. Cari istilik mövsümü və artan istehlakı nəzərə alsaq, belə bir sual yaranır: Serbiya 2026-cı ildən etibarən daimi əsaslarla illik tədarük həcmlərinin 400 milyon kubmetrdən yuxarı artırılması barədə sorğu ilə müraciət etmək niyyətindədirmi? Belqrad SOCAR-la bu ilin sonunda müddəti başa çatacaq strateji sazişi hansı müddətə uzatmağı planlaşdırır?
- Azərbaycandan qaz tədarükü həcmləri üç il əvvəl tərəfdaşlığımızın başladığı vaxtdan bəri iki dəfə artaraq ötən il gündəlik təxminən 2 milyon kubmetr təşkil edib. SOCAR nümayəndələri ilə danışıqlar prosesi çərçivəsində biz ildə 0,9 mlrd kubmetrə qədər həcmdə çevik qaz tədarükünün həyata keçirilməsi imkanını, Nişdəki qaz elektrik stansiyasının 2030-cu ildə istismara verilməsindən sonra isə həcmin 1,4 milyard kubmetrə qədər artırılmasını müzakirə edirik.
Bizim qiymətləndirmələrimizə görə, qaz elektrik stansiyasının fəaliyyəti üçün illik təxminən 600 milyon kubmetr qaz tələb olunacaq. Məhz buna görə də biz SOCAR-ı Serbiyanın enerji təhlükəsizliyinin təmin edilməsində uzunmüddətli tərəfdaş kimi nəzərdən keçiririk.
- Əvvəllər bildirmişdiniz ki, Şimali Makedoniya ilə qaz interkonnektorunun inşasına icazənin 2026-cı ilin ortalarına qədər alınması gözlənilir. Bu layihənin reallaşdırılması Serbiyanın birbaşa Cənub Qaz Dəhlizindən (TAP və TANAP sistemləri vasitəsilə) qaz idxal etmək imkanına necə təsir edəcək? 2027-2028-ci illərdə bu marşrut işə salındıqdan sonra Azərbaycan qazı Serbiyanın ümumi qaz balansında hansı payın sahibi olacaq?
- Şimali Makedoniya ilə qaz bağlantısı Serbiyaya Trans-Adriatik Boru Kəmərinə (TAP), Cənub Qaz Dəhlizinə, eləcə də Yunanıstandakı mayeləşdirilmiş təbii qaz terminalına əlavə çıxış təmin edəcək strateji əhəmiyyətli layihədir. Qarşımıza Serbiya-Şimali Makedoniya interkonnektorunun tikintisini 2027-ci ilin sonuna qədər başa çatdırmaq və onu 2028-ci ilin əvvəlində istismara vermək vəzifəsini qoymuşuq.
Planlaşdırılan qaz kəmərinin layihə buraxılış qabiliyyəti ildə təxminən 1,5 milyard kubmetr qaz təşkil edəcək. Ölkənin illik istehlakının 2,8-3,1 milyard kubmetr diapazonunda olduğunu nəzərə alsaq, bu, Bolqarıstanla artıq tikilmiş və illik 1,8 milyard kubmetr üçün nəzərdə tutulmuş interkonnektorla birlikdə Serbiyanın şaxələndirilmiş qaz təchizatı imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Yeni bağlantıların yaradılması və güclərin artırılması ölkənin sənaye artımı, daxili qazpaylayıcı şəbəkənin və mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin genişlənməsi ilə bağlı olan artan qaz tələbatından irəli gəlir. Bu sistemlər çərçivəsində mazut və kömürdən istifadədən planlı şəkildə imtina edilir.
- Serbiya Azərbaycan ərazisində bərpa olunan enerji sahəsində investisiya və ya birgə layihələrdə iştirak perspektivlərini nəzərdən keçirirmi? Söhbət həm yeni generasiya güclərinin yaradılmasından, həm də bərpa olunan enerji mənbələrinin milli enerji sisteminə inteqrasiyası məsələləri üzrə təcrübə mübadiləsindən gedir.
- Serbiya və Azərbaycanın müvafiq nazirlikləri arasında "yaşıl enerji" üzrə əməkdaşlıq sahəsində Anlaşma Memorandumunun imzalanması sayəsində ikitərəfli enerji tərəfdaşlığının genişləndirilməsi üçün şərait yaratdıq. Bura bərpa olunan enerji mənbələri sektoru və enerji keçidi prosesi üçün əhəmiyyətli olan digər istiqamətlər daxildir.
Avropa İttifaqına üzvlüyə namizəd ölkə olaraq Serbiya energetika sahəsinin dekarbonizasiyası üzrə öhdəliklər götürüb və 2030-cu ilə qədər elektrik enerjisinin 45 %-nin bərpa olunan mənbələrdən istehsalını təmin etməyi qarşıya məqsəd qoyub. Dövlətlərimiz arasında bərpa olunan enerji mənbələri sahəsində qarşılıqlı fəaliyyət üçün əhəmiyyətli potensial mövcuddur və biz gələcəkdə bu əməkdaşlığın fəal şəkildə inkişaf edəcəyini gözləyirik.
- 2026-cı ilin yanvarında Macarıstanın "MOL" korporasiyası "Serbiya Neft Sənayesi" (NIS) şirkətinin "Qazprom neft"ə məxsus 56,15 % payının alınması barədə razılığa gəlib. Nəzarət səhm zərfinin sahibinin dəyişməsi və macar investorunun gəlişi ilə əlaqədar olaraq Serbiya Pançevodakı neft emalı müəssisəsinin ehtiyaclarını təmin etmək üçün "BTC" markalı Azərbaycan neftinin birbaşa tədarükünün artırılması üzrə danışıqlara başlamaq imkanını nəzərdən keçirir?
- Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların altıncı paketini təsdiqlədi ki, bu da digər tədbirlərlə yanaşı, dəniz nəqliyyatı ilə çatdırılan Rusiya mənşəli xam neftin idxalına embarqo tətbiq etdi. Serbiya xam nefti yalnız bir marşrutla - Xorvatiya ərazisi və Adriatik Neft Kəməri (JANAF) vasitəsilə aldığından NIS şirkəti 2023-cü ildən etibarən Rusiya mənşəli neft almaq imkanından məhrum olub. Bu hal Belqradın əsas tərəfdaşlarından biri kimi Azərbaycanla, eləcə də İraq, Qazaxıstan, Norveç, Nigeriya, Misir və Liviya ilə əməkdaşlığın inkişaf etdirilməsi də daxil olmaqla, tədarük mənbələri coğrafiyasının genişləndirilməsi zərurətini şərtləndirdi.
Qaz tədarükünün şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi ilə eyni vaxtda Serbiya Macarıstanla birlikdə alternativ neft nəqli marşrutunu təmin etmək məqsədi daşıyan neft kəmərinin inşası layihəsini həyata keçirir. Serbiya tərəfi NIS şirkəti üzrə dayanıqlı və uzunmüddətli həll yolunun hazırlanması, onun kapitalında Serbiyanın iştirakının artırılması, mövcud qeyri-müəyyənliyin aradan qaldırılması və dövlətin enerji təhlükəsizliyi sisteminin ən mühüm elementi olan müəssisənin sabit fəaliyyətinə zəmanət verilməsi məqsədilə rusiyalı və macar tərəfdaşları ilə danışıqları davam etdirir.
- Ümumilikdə Serbiyanın enerji təhlükəsizliyinin təmin edilməsi üzrə uzunmüddətli strategiyasında Azərbaycanın əhəmiyyətini necə qiymətləndirirsiniz? Bu tərəfdaşlıq gələcəkdə qaz və neft tədarükü çərçivəsindən kənara çıxaraq elektrik enerjisi istehsalı, bərpa olunan enerji, enerji saxlama sistemləri və regional infrastruktur kimi sahələri əhatə edə bilərmi?
- Serbiya Respublikası daxili istehlakın əsas hissəsini ödəyən və "Balkan axını" boru kəməri ilə nəql edilən qazla yanaşı, Cənub Qaz Dəhlizinə ən mühüm alternativ istiqamət və təchizat mənbəyi kimi böyük ümidlər bəsləyir.
Energetika sahəsində Azərbaycanla əməkdaşlıq Serbiya üçün uzunmüddətli və strateji xarakter daşıyır, çünki bu, son onilliklər ərzində qaz tədarükünün şaxələndirilməsi yolunda ilk mühüm addım olub. Şimali Makedoniya və Yunanıstanla qaz interkonnektorlarının planlaşdırılan inşasından sonra Serbiya eyni vaxtda iki istiqamətdən Cənub Qaz Dəhlizinə qoşulacaq ki, bu da Azərbaycan qazının idxalı üçün daha geniş perspektivlər açacaq.
Qaz elektrik stansiyasının birgə inşası sayəsində iki ölkənin enerji sahəsindəki qarşılıqlı fəaliyyəti keyfiyyətcə yeni səviyyəyə qalxır. Prezident İlham Əliyevin cari ildə Belqrada səfəri zamanı vurğuladığı kimi, bu layihə Azərbaycanın Avropadakı əsas investisiyalarından biridir.
Hər iki ölkənin indiyədək enerji transformasiyası sahəsində həyata keçirə bildiyi hər şey həm də toplanmış təcrübə mübadiləsi üçün etibarlı baza formalaşdırır. Perspektivli istiqamətlərdən biri Serbiyanın Xəzər regionu və Cənub-Şərqi Avropa arasındakı "yaşıl dəhliz"ə qoşulmasıdır. Serbiyanın artıq bu layihədə iştirak edən bir sıra dövlətlərlə ümumi sərhədlərə malik olduğunu və Balkanlarda mərkəzi coğrafi mövqe tutduğunu nəzərə alsaq, o, eyni zamanda, həm istehlakçı, həm də tranzit dövlət rolunda çıxış edə bilər.
Serbiya elektrik şəbəkəsi infrastrukturu sahəsində ümumi dəyəri təxminən bir milyard avro olan əsas layihələri müəyyən edib ki, onların da həyata keçirilməsi qonşu dövlətlərlə əlaqələri gücləndirməyə, enerji təchizatının etibarlılığını artırmağa və ölkənin tranzit mövqelərini möhkəmləndirməyə imkan verəcək. Hazırkı mərhələdə prioritet vəzifə Serbiyanın Rumıniya, Bosniya və Herseqovina, Monteneqro və daha sonra İtaliya ilə birləşməsini təmin edəcək Transbalkan dəhlizinin, həmçinin Macarıstan istiqamətində ötürücülük qabiliyyətini iki dəfə artırmağa imkan verəcək Pannon dəhlizinin tikintisinin başa çatdırılmasıdır.
- Fevral ayında Nişdəki qaz elektrik stansiyası üzrə çərçivə sazişinin imzalanması baş tutdu. Prezident Vuçiç qeyd etmişdi ki, müfəssəl sənədlərin hazırlanması üçün iki aydan üç aya qədər vaxt tələb olunacaq. Əsas layihələndirmə, satınalma və tikinti hansı mərhələdə olduğuna aydınlıq gətirə bilərsiniz? Onun Strateji Tərəfdaşlıq Şurasının qarşıdan gələn iclası çərçivəsində, yoxsa Bakıdakı Enerji Forumunda imzalanması gözlənilir?
- Yaxın bir ay ərzində qaz elektrik stansiyasının inşasının əsas müddəalarının və kommersiya şərtlərinin, o cümlədən layihələndirmə və tikinti işlərinin müddətlərinin işlənib hazırlanmasını başa çatdırmaq və onları rəsmən təsdiqləmək niyyətindəyik.
- Layihənin Serbiya şirkətləri ilə SOCAR arasında paritet əsaslarla (50/50) həyata keçirilməsinin nəzərdə tutulduğunu nəzərə alsaq, onun maliyyələşdirilməsi necə təşkil olunacaq? İştirakçı şirkətlər tərəfindən birbaşa maliyyələşdirilməsi nəzərdə tutulur, yoxsa Serbiya beynəlxalq maliyyə institutlarının cəlb edilməsi variantlarını öyrənir?
- Layihənin məcmu investisiya dəyəri hələ ki qiymətləndirmə mərhələsindədir. Ətraflı məlumat hər iki tərəf yaxın vaxtlarda sazişin rəsmiləşdirilməsini rəsmən başa çatdırdıqdan sonra əlçatan olacaq.
- "Srbijagas"ın rəhbəri Duşan Bayatoviç daha əvvəl şəbəkə infrastrukturu yenilənmədən tədarükün mövcud limitlərdən əhəmiyyətli dərəcədə artırılmasına mane olan texniki məhdudiyyətlərə diqqət çəkmişdi. Nazirlik Azərbaycandan tədarüklərin tam layihə gücünə çatması üçün Niş-Dimitrovqrad interkonnektorunun genişləndirilməsi və ya əlavə kompressor stansiyalarının inşası layihəsi üzərində işləyir?
- Qonşu dövlətlərlə yeni qaz interkonnektorlarının inşası ilə yanaşı, Bolqarıstan-Serbiya qaz kəmərindən və Şimali Makedoniya ilə planlaşdırılan interkonnektordan qazın nəqli zamanı "dar boğaz"ların yaranmasının qarşısını almaq üçün Serbiyanın öz qaz nəqli infrastrukturunu gücləndirməsi prinsipial əhəmiyyət daşıyır. Hazırda biz Dünya Bankı ilə daxili nəql güclərimizin artırılmasını təmin edəcək təxminən bir milyard avro həcmində çoxmərhələli proqram üzrə danışıqlar aparırıq.