"Anglo Asian Mining plc" 2026-cı ilin birinci rübündə qızıl hasilatında ümumilikdə sabit göstəricilər qeydə alıb, illik müqayisədə cüzi artım müşahidə olunub.
Trend xəbər verir ki, qızılın ümumi istehsal həcmi 6,062 unsiya təşkil edib, bu da 2025-ci ilin eyni dövründəki 6,028 unsiya ilə müqayisədə artım deməkdir.
Ümumi həcmin 4 842 unsiyası dore külçələri şəklində qızılın payına düşüb, daha 1 220 unsiya isə flotasiyadan və SART texnologiyası ilə emaldan əldə olunub.
Qeyd edək ki, 2025-ci ilin yekunlarına görə şirkət 25 061 unsiya qızıl istehsal edib.
Şirkətin strateji inkişaf planı 2030-cu ilədək orta səviyyəli, çoxprofilli mis və qızıl istehsalçısına çevrilməni nəzərdə tutan aydın müəyyən edilmiş transformasiya yolunu ehtiva edir. Bu vaxta qədər misin şirkətin əsas məhsuluna çevriləcəyi və illik hasilatın 50–55 min ton səviyyəsində olacağı proqnozlaşdırılır.
Bu məqsədlərə nail olmaq üçün şirkət 2027–2030-cu illər ərzində yeni üç yatağın — “Xarxar”, “Qaradağ” və “Zəfər” — istismara verilməsini planlaşdırır. Bu yataqlar yaxın zamanda istifadəyə verilmiş “Gilar” və “Dəmirli” yataqlarına əlavə olunacaq.
“Gilar” yatağında hasilata 2025-ci ilin mayında, “Dəmirli” yatağında isə 2025-ci ilin iyulunda başlanılıb.