Fondun yaradılması ilə bağlı imzalanma mərasimi 13 aprel tarixində Çin Xalq Respublikasının Pekin şəhərində keçirilib. Mərasimdə tərəfləri müvafiq olaraq Çin İnvestisiya Korporasiyasının icraçı vitse-prezidenti və baş investisiya direktorunun müavini Jan Şaoçinq (Zhang Shaoqing), İndoneziya İnvestisiya Qurumunun baş investisiya direktoru Kristofer Qanis, ARDNF-nin İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov, həmçinin “China Galaxy Securities” şirkətinin İcraiyyə Komitəsinin üzvü, biznes direktoru və “CGS International“ şirkətinin İdarə Heyətinin sədri Vu Penq təmsil edib.
Çin İnvestisiya Korporasiyası haqqında
2007-ci ildə təsis edilmiş və baş ofisi Pekində yerləşən Çin İnvestisiya Korporasiyası Çinin valyuta ehtiyatlarının şaxələndirilməsi məqsədilə yaradılmışdır və dünyanın ən iri suveren sərvət fondlarından biridir. 2024-cü ilin sonuna Çin İnvestisiya Korporasiyasının ümumi aktivlərinin həcmi 1,57 trilyon ABŞ dolları təşkil etmişdir.
Çin İnvestisiya Korporasiyası beynəlxalq bazar prinsiplərinə əsaslanan professional yanaşma ilə fəaliyyət göstərir, eyni zamanda ehtiyatlı, məsuliyyətli və peşəkar investisiya prinsiplərinə sadiqdir. Fondun xarici investisiya fəaliyyəti səhmlər və istiqrazlar üzrə investisiyaları, hedc fondları və multi-aktiv strategiyaları, özəl kapital və özəl kredit investisiyalarını, daşınmaz əmlak, infrastruktur, təbii resurslar və kənd təsərrüfatı kimi sahələrdə birbaşa və fond vasitəsilə investisiyaları, eləcə də ikitərəfli və çoxtərəfli fondların idarə olunmasını əhatə edir.
İndoneziya İnvestisiya Qurumu haqqında
İndoneziya İnvestisiya Qurumunu ölkənin davamlı inkişafını dəstəkləmək və gələcək nəsillər üçün sərvət formalaşdırmaq məqsədilə fəaliyyət göstərən suveren sərvət fondudur.
İndoneziya İnvestisiya Qurumu ölkənin rəqabət üstünlüklərini gücləndirən və risklər nəzərə alınmaqla optimal gəlirlilik təmin edən sahələrdə investisiya fəaliyyətini həyata keçirir, eyni zamanda aparıcı yerli və beynəlxalq investisiya institutları ilə əməkdaşlıq edir.
Ətraflı məlumat üçün: www.ina.go.id
ARDNF haqqında
1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin toplanması və səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivlərinin həcmi 70 milyard ABŞ dollarından çox olan ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.
“China Galaxy Securities” və “CGS International” haqqında
“China Galaxy Securities”(“CGS”) Çində aparıcı investisiya banklarından biri olmaqla, dünya üzrə 20 milyondan artıq müştəriyə xidmət göstərir və idarəetməsində olan aktivlərin həcmi 6 trilyon RMB-ni (Renminbi – Çin pul vahidi) ötür. Şirkət Çində ən geniş filial şəbəkələrindən birinə malikdir və Asiya regionunda geniş fəaliyyət coğrafiyası ilə təmsil olunur.
“CGS International Securities Pte. Ltd.” (“CGS International”) “CGS”-in beynəlxalq fəaliyyətini həyata keçirən törəmə qurumudur və şirkətin qlobal biznesinin inkişafına məsuldur. “CGS”-in güclü institusional bazasına və qlobal, eləcə də ASEAN regionu üzrə dərin bazar biliklərinə əsaslanaraq, “CGS International” qiymətli kağızlarla ticarət, aktivlərin idarə edilməsi, investisiya bankçılığı, analitik tədqiqat xidmətləri, sabit gəlirli alətlər, valyuta və əmtəə əməliyyatları, strukturlaşdırılmış maliyyə məhsulları və broker xidmətləri daxil olmaqla geniş xidmətlər təqdim edir. Şirkət 10-dan artıq ölkə və regionda fəaliyyət göstərir.