Çin XİN: Hörmüz boğazının bağlanması qlobal iqtisadi və humanitar risklər yaradır

Çin Hörmüz boğazından dəniz nəqliyyatının dərhal bərpa olunmasına çağırıb və ABŞ ilə İran arasında münaqişədən irəli gələn daha geniş iqtisadi və humanitar risklər barədə xəbərdarlıq edib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Pekində jurnalistlərə verdiyi açıqlamada bildirib: “Müharibə baş verməməli idi və dünya, xüsusən də kiçik ölkələr bunun əsas yükünü daşımamalıdır”.

O qeyd edib ki, müharibə təkcə ağır itkilərə deyil, həm də ciddi mənfi təsirlərə səbəb olub və qlobal iqtisadi artımı əngəlləyir. Çin rəsmisi Beynəlxalq Valyuta Fondunun 2026-cı il üçün qlobal artım proqnozunu yanvar ayındakı 3,3 faizdən 3,1 faizə endirən hesabatına cavab olaraq bildirib ki, Fondun proqnozuna görə, qlobal inflyasiyanın bu il 4,4 faizə çatacağı gözlənilir.

Quo Jiakun əlavə edib: “Bütün vasitələrlə döyüşlərin yenidən başlanmasının qarşısının alınması, Hörmüz boğazında nəqliyyatın bərpası, Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olması, müharibənin qlobal iqtisadiyyata və enerji təhlükəsizliyinə, hətta humanitar böhrana daha böyük təsirinin azaldılması təcili prioritetdir”. Onun sözlərinə görə, ABŞ hazırda bir çox Asiya ölkəsinin Yaxın Şərqdən enerji təchizatı əldə etdiyi əsas su yolunu blokadaya alır.

ABŞ Prezidenti Donald Trampın İranla danışıqların ikinci mərhələsinin Pakistanda keçirilə biləcəyi barədə siqnalını şərh edən Quo bildirib ki, Çin ABŞ-İran münaqişəsinin sona çatmasına kömək edən bütün səyləri alqışlayır və Pakistanın müvəqqəti atəşkəsin təmin edilməsində ədalətli və balanslı rolunu təqdir edir. O, 14 günlük atəşkəsin impulsunun diplomatik vasitələrlə qorunmalı olduğunu vurğulayıb.

Çin XİN-in sözçüsü Trampın Pekinə planlaşdırılan səfəri ilə bağlı bildirib ki, hər iki tərəf bu məsələ üzrə təmasları davam etdirir.