Vyanada Ümümdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü sessiyasına dair tədbirlər keçirilib

Ümümdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü sessiyasının (WUF13) ictimaiyyətə təqdim edilməsi məqsədilə təhlükəsiz və dayanıqlı şəhərlər mövzusunda Vyana şəhərində BMT-nin Vyana Ofisində və ATƏT-in mənzil-qərargahında tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirlər Azərbaycanın Vyana şəhərində yerləşən beynəlxalq təşkilat yanında daimi nümayəndəliyinin, BMT-nin Sənaye Təşkilatının (UNİDO), BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat), ATƏT-in və Vyana şəhər Meriyasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirlər çərçivəsində Ümümdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü sessiyasına (WUF13) hazırlıq işləri və qeyd edilən kontekstdə Azərbaycanın əsas məqsədlərinə dair məlumat verilib, habelə şəhərsalma, yaşıl transformasiya, iqlim dəyişikliklərinə dayanıqlı şəhərlər və əlçatan qiymətə mənzillər mövzusunda müzakirələr keçirilib. Həmçinin şəhərlərin inkişafı və transformasiyası kontekstində Vyana, Bakı və Bazel şəhərlərinin təcrübələrinə dair fikir mübadiləsi aparılıb.

Müzakirələrdə Azərbaycan tərəfini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini, WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva və Xarici İşlər Nazirliyinin İqlim Diplomatiyası İdarəsinin rəisi Elçin Allahverdiyev təmsil edib.

Tədbirlərdə Vyana şəhərində yerləşən beynəlxalq və regional təşkilatların yanında akkreditə olunmuş ölkələrin nümayəndələri və mövzu ilə maraqlanan mütəxəssislər iştirak ediblər.