Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi məlum olub

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 746,780 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 684,7 milyon ABŞ dolları və ya 47,8% azdır.

Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 7,94%-i həcmində olub. Bununla da Rusiya dövr ərzində Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr siyahısında 4-cü pillədə qərarlaşıb.

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Rusiyaya 223,7 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 milyon ABŞ dolları və ya təqribən 4,3% azdır.

 

Dövr ərzində Azərbaycandan Rusiyaya ixrac əməliyyatlarının 211,6 milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib. Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında Rusiya 24,55% payla 1-ci yerdə qərarlaşıb. Rusiyaya qeyri-neft məhsullarının ixracı ötən ilin ilk üç ayındakı göstərici ilə müqayisədə 21,2 milyon ABŞ dolları və ya 9,1% azalıb.

Hesabat dövründə Azərbaycan Rusiyadan 523,033 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 674,6 milyon ABŞ dolları və ya 2,3 dəfə azalma deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,642 milyard dollar və ya 21,9% azdır.

Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın, 4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollar və ya 29,3% azalıb.

Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfə çoxdur.