Türk xalqları tərəfindən birgə yaradılan ilk beynəlxalq maliyyə qurumu olan Türk İnvestisiya Fondu Dünya Bankı Xəzinədarlığının Ehtiyat Məsləhət və İdarəetmə Tərəfdaşlığı (RAMP) şəbəkəsinə daxil olub.
AZƏRTAC Türk İnvestisiya Fondunun son açıqlamasına istinadla xəbər verir ki, Fond çərşənbə günü Vaşinqtonda keçirilən imzalanma mərasimindən sonra tərəfdaşlığın bu maliyyə qurumuna xəzinədarlıq və risklərin idarə edilməsi sahəsində ən yaxşı qlobal təcrübələrə birbaşa çıxış imkanı verəcəyini bəyan edib.
Saziş nou-hau paylaşılmasına, texniki əməkdaşlığa, habelə likvidliyin və xəzinədarlığın idarə edilməsi kimi vacib funksiyalar üzrə əməliyyat müqayisəsinə yönəlib.
Fondun baş direktoru Ramil Babayev bu inkişafları qurum üçün strateji dönüş nöqtəsi adlandırıb. “Saziş bizə xəzinədarlıq funksiyamızı möhkəm təməl üzərində qurmağa və regional perspektivimizi qlobal ictimaiyyətə təqdim etməyə imkan verəcək”, - deyə o bildirib.
Dünya Bankı Qrupunun vitse-prezidenti və baş xəzinədarlıq direktoru Jorj Familiar bildirib ki, beynəlxalq maliyyə qurumları RAMP icmasının getdikcə daha vacib bir hissəsinə çevrilir. Onun sözlərinə görə, Türk İnvestisiya Fondunun bu platformaya qoşulması ilə tərəfdaşlığın böyüməsi şəbəkənin inkişafla əlaqəli investorlar üçün əhəmiyyətini göstərir.
Türk İnvestisiya Fondunun RAMP şəbəkəsində iştirakının qlobal şəbəkənin ortaq perspektivlərini və strategiyalarını zənginləşdirəcəyi gözlənilir.
Qeyd edək ki, Türk İnvestisiya Fondu (TİF) ilkin kapitalı 500 milyon ABŞ dolları olan Türk dünyası iqtisadi inteqrasiyasının ilk birgə maliyyə institutudur. Fond türk dövlətləri arasında iqtisadi və kommersiya əlaqələrini təşviq etməyi hədəfləyir.