Atom enerjisi gələcəkdə Azərbaycanın enerji balansında mühüm rol oynaya bilər - Pərviz Şahbazov

Atom enerjisi gələcəkdə Azərbaycanın enerji balansında mühüm rol oynaya bilər.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkənin enerji strategiyası bütün enerji resurslarının şaxələndirilməsi zərurətinə əsaslanır.

“Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafına çox ciddi şəkildə başlayıb. Yaxın illər üçün planlarımızda 8 qiqavatadək bərpa olunan enerjinin inkişafı nəzərdə tutulur. Bunun 2 qiqavatı artıq 2027-ci ilə qədər daxili enerji sistemimizə inteqrasiya olunacaq. Qalan hissə isə növbəti illərdə gerçəkləşdiriləcək, necə ki, bunu neftlə edirdik və qazla edirik", - deyə nazir bildirib.

Pərviz Şahbazov vurğulayıb ki, Azərbaycanın enerji strategiyası getdikcə daha çox interkonnektorlara və yeni enerji əlaqəliliyi formalarına əsaslanır.

“Biz, interkonnektorlar vasitəsilə, enerji əlaqəliliyi yolu ilə irəliləyirik. Biz yalnız karbohidrogenlər hesabına deyil, həm də elektronlar – elektrik enerjisi, o cümlədən bərpa olunan mənbələr hesabına enerji təhlükəsizliyini təmin edəcəyik”, – deyə o bildirib.

Nazir həmçinin qeyd edib ki, ölkənin enerji balansında gələcəkdə atom enerjisi də mühüm yer tuta bilər.

“Enerji miksimizdə atom enerjisi də yer alacaq, çünki biz onu təmiz enerji və gələcəyin energetikasının vacib komponenti kimi nəzərdən keçiririk. Elektrik enerjisinə tələbatın nə qədər sürətlə artdığını anlayırıq. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, elektrik enerjisinə tələbat ümumi qlobal enerji tələbatından üç dəfə daha sürətlə artacaq”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, gələcəkdə “ağıllı enerji keçidi”nin əsas komponentləri təbii qaz, bərpa olunan enerji mənbələri və atom energetikası olacaq.

“Bu, sizin dediyiniz kimi, bütün enerji növlərinə hörmət deməkdir. Heç kim nə neftdən, nə də hətta kömürdən imtina etmir. Böhran dövrlərində kömür istehsalının artdığını müşahidə etdik. Gələcəkdə bütün enerji mənbələrinə ehtiyac olacaq, lakin bizim fikrimizcə əsas olanlar təbii qaz, bərpa olunan enerji və atom enerjisi olacaq”, – deyə Pərviz Şahbazov vurğulayıb.

O, həmçinin Azərbaycan, Türkiyə, Avropa və Mərkəzi Asiya ölkələri arasında regional enerji əlaqəliliyinin əhəmiyyətini qeyd edib.

“Biz bu cür layihələri Türkiyə vasitəsilə Avropa ilə birlikdə həyata keçiririk. Eyni zamanda Azərbaycanın Qazaxıstan və Özbəkistanla əlaqəlilik layihəsi mövcuddur ki, bu da sonda Asiya ilə Avropa arasında istehsal və istehlak mərkəzlərini birləşdirən elektrik körpüsü yaradacaq. Məhz bu şəkildə enerji təhlükəsizliyini, ekoloji təhlükəsizliyi və enerji təchizatının əlçatanlığını təmin edə bilərik. Bu enerji dilemmasını yalnız belə həll etmək mümkündür. Əgər elementlərdən birini çıxarsaq, qlobal enerji təchizatında balans pozular və hamı bundan zərər görər”, – deyə nazir qeyd edib.

Nazirin sözlərinə görə, gələcəkdə “ağıllı enerji keçidi”nin əsas komponentləri təbii qaz, bərpa olunan enerji mənbələri və atom energetikası olacaq.