İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanla birgə regional enerji bazarı sahəsində layihələrə başlayır.
Bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əsəd Məcid Xan Antalya Diplomatiya Forumu çərçivəsində Trend-in xüsusi müxbirinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, təşkilat artıq regional enerji təşəbbüslərinin inkişafı istiqamətində Azərbaycanla praktiki iş aparır.
“Biz həm İƏT-in Təmiz Enerji Mərkəzi vasitəsilə, həm də Energetika Nazirliyi ilə birlikdə regional enerji bazarı təşəbbüsü üzərində sıx əməkdaşlıq edirik”, – deyə o bildirib.
Əsəd Məcid Xan qeyd edib ki, bu iş region ölkələri arasında enerji sahəsində konkret əməkdaşlıq mexanizmlərinin inkişafına yönəlib.
“Biz bu istiqamətdə Azərbaycanla birgə çalışırıq”, – deyə o əlavə edib.
Baş katib vurğulayıb ki, əməkdaşlıq həmçinin İƏT-in Azərbaycandakı yeni institusional layihələrini də ehtiva edir.
“Azərbaycan İƏT-in iki yeni institutuna - Təmiz Enerji Mərkəzinə, eləcə də jurnal nəşr edəcək, həmçinin məlumatlara əsaslanan tədqiqatları dəstəkləyəcək Tədqiqat Mərkəzinə ev sahibliyi edəcək”, – deyə Əsad Məcid Xan qeyd edib.
Onun sözlərinə görə, təşkilat artıq COP29 çərçivəsində bir sıra təşəbbüslərə start verib.
“COP29 zamanı tədbir çərçivəsində biz "Rescue"— İƏT-in dairəvi iqtisadiyyat təşəbbüsünü işə saldıq”, – deyə o bildirib.
Baş katib vurğulayıb ki, gələcəkdə regional əlaqəliliyin əhəmiyyəti artacaq.
“Coğrafi yaxınlıq bu gün ticarət, nəqliyyat inteqrasiyası və enerji təchizatının təhlükəsizliyi baxımından getdikcə daha böyük əhəmiyyət kəsb edir”, – deyə Əsəd Məcid Xan əlavə edib.
O həmçinin bildirib ki, İƏT Bakıda turizm nazirlərinin iclasını keçirəcək və Şuşa şəhərini 2026-cı il üçün təşkilatın turizm paytaxtı elan edəcək.