Azərbaycan İslam Ərzaq Təhlükəsizliyi Təşkilatının strateji tərəfdaşı kimi mühüm potensiala malikdir - Baş direktoru (ÖZƏL MÜSAHİBƏ)

Azərbaycan aqrar sektorun inkişafı, infrastruktur yatırımları və regional nəqliyyat qovşağı kimi əlverişli coğrafi mövqeyi nəzərə alınmaqla, İslam Ərzaq Təhlükəsizliyi Təşkilatının (IOFS) strateji tərəfdaşı kimi mühüm potensiala malikdir.

Bunu IOFS-in baş direktoru, səfir Berik Arın Antalya Diplomatiya Forumu çərçivəsində Trend-ə verdiyi özəl müsahibəsində deyib.

“Bu potensial mənim 2026-cı il 4–5 mart tarixlərində Bakıya son işgüzar səfərim zamanı bir daha təsdiqini tapdı. Səfər çərçivəsində Azərbaycan tərəfi IOFS-in Nizamnaməsini qısa müddətdə imzalamağa hazır olduğunu bildirdi ki, bu da onun təşkilata üzvlüyünə yol açacaq. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov ilə keçirilən görüşlərdə biz dayanıqlı kənd təsərrüfatı, aqrar tədqiqatlar, ərzaq təhlükəsizliyi sistemləri və bu sahədə regional təşəbbüslər üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə etdik”, - deyə Arın qeyd edib.

Onun sözlərinə görə, tərəflər həmçinin aqrar-ərzaq məhsulları ticarətinin gücləndirilməsi, kənd təsərrüfatı təchizat zəncirlərinin inkişafı və bilik mübadiləsinin genişləndirilməsi daxil olmaqla, əməkdaşlığın praktik istiqamətlərini də nəzərdən keçiriblər.

“Azərbaycanın bu sahələrdəki təcrübəsi, eləcə də ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlmiş beynəlxalq səylərdə, o cümlədən humanitar yardım sahəsində fəal iştirakı onu IOFS üçün mühüm tərəfdaşa çevirir. Eyni zamanda, dialoqumuz artıq mövcud olan əməkdaşlığa əsaslanır; bu çərçivədə Azərbaycan rəhbərliyi və müvafiq institutlarla yüksək səviyyəli təmaslar həyata keçirilir və hər iki tərəf ərzaq təhlükəsizliyi sahəsində ümumi çağırışların həlli üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsinin vacibliyini ardıcıl şəkildə vurğulayır.

IOFS bu tərəfdaşlığın daha da dərinləşdirilməsinə, birgə layihələrin həyata keçirilməsi, potensialın artırılması təşəbbüsləri və proqramlarımıza inteqrasiya vasitəsilə region üçün praktik və əhəmiyyətli nəticələrin əldə olunmasına hazırdır”, — deyə o əlavə edib.

Antalya Diplomatiya Forumu haqqında danışan Arın qeyd edib ki, bu il IOFS iqlim dəyişiklikləri, bazarların volatilliyi və geosiyasi qeyri-müəyyənlik şəraitində ərzaq təhlükəsizliyinin təmin olunmasına kompleks yanaşmaların təşviqinə diqqət yetirir.

“Prioritetimiz dayanıqlı kənd təsərrüfatının inkişafı, su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi və İƏT daxilində əməkdaşlığın genişləndirilməsi vasitəsilə dayanıqlı ərzaq sistemlərinin gücləndirilməsinin vacibliyini vurğulamaqdır. IOFS həmçinin yalnız istehsala yönəlmiş yanaşmalardan daha ədalətli, dayanıqlı və əlçatan ərzaq sistemlərinə keçidin zəruriliyini ön plana çəkir.

“Həddindən artıq istehsal, lakin yetərsiz qidalanma” (Overproduced, Underfed) adlı panel müzakirəsinin mövzusuna uyğun olaraq, IOFS qlobal paradoksa diqqət çəkir: kifayət qədər ərzaq istehsal olunmasına baxmayaraq, qeyri-effektiv bölgü, münaqişələr, iqtisadi bərabərsizlik və təchizat zəncirlərindəki pozuntular səbəbindən milyonlarla insan hələ də ərzaq çatışmazlığı ilə üzləşir”,- deyə baş direktor bildirib.

O vurğulayıb ki, IOFS-in üzv dövlətlərə və tərəfdaşlara mesajı açıq və netdir: ərzaq təhlükəsizliyi yalnız humanitar məsələ kimi deyil, həm də iqtisadi sabitliyin və regional dayanıqlığın strateji zəmini kimi qiymətləndirilməlidir.

 

“Bu isə dialoqdan praktiki fəaliyyətə keçidi, konkret təşəbbüslərin miqyasının genişləndirilməsini, investisiyaların səfərbər olunmasını və sektorlararası tərəfdaşlığın gücləndirilməsini tələb edir. Nəticə etibarilə, ərzaq təhlükəsizliyi təkcə qida məsələsi deyil — bu, sabitlik, ləyaqət və cəmiyyətlərimizin gələcək inkişafı məsələsidir. Natamam qidalanmanın davam etdiyi dünya qaçılmaz olaraq qeyri-sabit qalacaq”, - deyə o əlavə edib.

Arın qarşıdan gələn 7-ci Baş Assambleya barədə də danışaraq bildirib ki, bu tədbir IOFS üçün 2031-ci ilədək Strateji Baxışın həyata keçirilməsi baxımından mühüm mərhələ olacaq.

“Assambleya IOFS-in ev sahibi ölkəsi olan Qazaxıstan Respublikasının sədrliyi ilə keçiriləcək ki, bu da onun təşkilatın mandatına və prioritetlərinə davamlı liderliyini və sadiqliyini nümayiş etdirir.

Görüş zamanı əsas diqqət əldə olunmuş irəliləyişin qiymətləndirilməsinə, prioritetlərin uzlaşdırılmasına və yerli səviyyədə praktik təsir göstərən əsas proqramların irəlilədilməsinə yönələcək. Biz iqlimə dayanıqlı kənd təsərrüfatı, su ehtiyatlarının səmərəli idarə olunması və strateji əmtəə sistemlərinin inkişafı da daxil olmaqla flaqman təşəbbüslər ətrafında üzv dövlətlərin iştirakını daha da gücləndirəcəyimizə inanırıq ”, — deyə o bildirib.

Baş direktorun sözlərinə görə, Assambleya həmçinin əlaqələndirmənin gücləndirilməsi və IOFS-in praktik əməkdaşlıq, bilik mübadiləsi və birgə layihələrin həyata keçirilməsi mexanizmi kimi rolunun möhkəmləndirilməsi üçün platforma olacaq.

“Nəticə etibarilə, bu, kollektiv öhdəliyin təsdiqlənməsi və səylərimizin İƏT məkanında ərzaq təhlükəsizliyinin ölçülə bilən şəkildə yaxşılaşdırılmasına çevrilməsi üçün bir imkandır.

Mövcud qlobal vəziyyət daha dayanıqlı, şaxələndirilmiş və özünü təmin edən ərzaq sistemlərinin formalaşdırılmasının vacibliyini vurğulayır. IOFS bu məqsədlə bir sıra praktik mexanizmləri təşviq edir.

Birincisi, regional əlavə dəyər zəncirlərinin gücləndirilməsi və İƏT daxilində ticarətin inkişafı xarici bazarlardan asılılığın azaldılması üçün böyük önəm daşıyır. İkincisi, biz strateji ərzaq ehtiyatları və böhranlara hazırlığın artırılması üçün bir-birilə əlaqələndirilmiş cavab mexanizmləri ilə bağlı təşəbbüsləri irəli sürürük. Üçüncüsü, xüsusilə su qıtlığı olan regionlarda iqlimə dayanıqlı kənd təsərrüfatına və resursların səmərəli idarə olunmasına investisiyalar prioritet olaraq qalır.

Bundan əlavə, IOFS qərarların qəbulunun keyfiyyətini və erkən xəbərdarlıq sistemlərini yaxşılaşdırmaq məqsədilə potensialın artırılması, texnologiya transferi və məlumatlara əsaslanan alətlərin tətbiqini dəstəkləyir. Bu kompleks səylər həm qısamüddətli dayanıqlığın, həm də uzunmüddətli sabitliyin artırılmasına yönəlib.

Qeyd etmək vacibdir ki, bu çağırışları təcrid olunmuş şəkildə həll etmək mümkün deyil. Bu baxımdan IOFS dövlət və özəl sektor arasında çoxtərəfli əməkdaşlığı və tərəfdaşlığı gücləndirir, üzv dövlətlərdə əlaqələndirilmiş, miqyaslana bilən və dayanıqlı həllərin həyata keçirilməsini təmin edir. Ümumi yanaşma ərzaq təhlükəsizliyi sahəsində reaktiv tədbirlərdən proaktiv sistem dayanıqlığının formalaşdırılmasına keçiddən ibarətdir”, — deyə o yekunlaşdırıb.