İsveçrə bərpaolunan enerji sahəsində Azərbaycana öz bilik və təcrübələrini təqdim edə bilər.
Bu barədə Trend-ə özəl müsahibəsində İsveçrənin Xarici İşlər üzrə Federal Departamentinin Avrasiya şöbəsinin rəhbəri, səfir Pyer-İv Füks Azərbaycana etdiyi son səfərinin yekunlarına dair bildirib.
“Səfərim zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşmək, həmçinin həmkarımla siyasi məsləhətləşmələr aparmaq şərəfinə nail oldum. Müzakirələrimizin mərkəzində ikitərəfli siyasi, iqtisadi və ticarət münasibətlərini əhatə edən geniş məsələlər spektri dayanırdı. Biz həmçinin regional təhlükəsizlik məsələləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, eləcə də postmünaqişə vəziyyətinin aspektləri daxil olmaqla, cari regional proseslərə toxunduq. Bu perspektivlər İsveçrə üçün böyük əhəmiyyət daşıyır. Buna görə də mən həmçinin İrəvana səfər etdim”,- deyə o qeyd edib.
Pyer-İv Füks bildirib ki, Azərbaycan və İsveçrə uzunmüddətli, etimada əsaslanan və dinamik münasibətləri qoruyub saxlayır.
“Dövlət başçıları və nazirlər arasında mütəmadi olaraq yüksək səviyyəli təmaslar həyata keçirilir ki, bu da davamlı dialoqu təmin edir. Biz həmçinin, Bretton-Vuds institutları çərçivəsində və beynəlxalq əməkdaşlıq sahəsində onilliklər boyu uğurlu tərəfdaşlıqdan faydalanırıq. Bildiyiniz kimi, ötən il İsveçrə Azərbaycanın qeyri-neft məhsullarının əsas ixrac istiqamətlərindən birinə çevrilib. Bu o deməkdir ki, İsveçrə neft-qaz sektorundan kənarda Azərbaycan ixracı üçün ən sürətlə böyüyən bazar olub. Beləliklə, ölkəm Azərbaycanının ixracın şaxələndirilməsi istiqamətində səylərini dəstəkləyir.
Bir halda ki, Azərbaycan Şərq və Qərb arasında körpü kimi getdikcə daha önəmli rol oynayır, eləcə də onun coğrafi mövqeyi nəzərə alınmaqla, ölkə tranzit və nəqliyyat layihələrinin vacib hissəsinə çevrilib. Nəticədə, İsveçrə şirkətlərinin Azərbaycana marağının artdığını müşahidə edirik”, - deyə o əlavə edib.
Səfir Pyer-İv Füks iki ölkə arasında bərpa olunan enerji, enerji səmərəliliyi və iqlim texnologiyaları sahələrində əməkdaşlıq imkanlarına da toxunub.
“Bakıda son görüşlərimizdən əvvəl də qeyd etdiyiniz sahələrin Azərbaycan hökumətinin prioritetləri sırasında olduğunu bilirdim. Hər iki ölkə bu istiqamətlərdə güclü və bir-birini tamamlayan üstünlüklərə malikdir. İsveçrə qabaqcıl “yaşıl” texnologiyalar, innovasiyalar və dayanıqlı maliyyə imkanları təklif edir, Azərbaycan isə bərpa olunan enerji üzrə böyük potensiala və enerji sektorunun transformasiyası istiqamətində strateji məqsədlərə malikdir. İsveçrə qarşılıqlı faydalı enerji keçidinin təmin edilməsi və bunun hər iki tərəf üçün səmərəli tərəfdaşlığa çevrilməsi üçün öz nou-hau imkanlarını təqdim edə bilər”, - deyə o vurğulayıb.
Pyer-İv Füks qeyd edib ki, İsveçrə müxtəlif sahələrdə zəngin təcrübəyə malikdir və həm ənənəvi, həm də yeni sektorlar üzrə İsveçrə şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün açıq potensial mövcuddur.
“Ekoloji texnologiyalar, təhsil, tədqiqat və innovasiya sahələri İsveçrənin qlobal səviyyədə tanınmış ekspertizaya malik olduğu istiqamətlərdir. Bu sahələrdə qərarlar maraqlı tərəflər tərəfindən qəbul edilir. Hakimiyyət orqanları, diplomatlar və digər rəsmi şəxslər çərçivə şərtlərinin yaxşılaşdırılması və əməkdaşlığın təşviqi üçün maksimum səviyyədə qarşılıqlı fəaliyyət göstərirlər”, - o bildirib.
İsveçrə ilə Azərbaycan arasında birbaşa aviareyslərin açılması perspektivlərinə toxunan səfir bildirib ki, ölkəsi belə reyslərin bərpasını alqışlayardı.
“Xatırlayıram ki, keçmişdə bu cür uçuşlar mövcud idi. İsveçrənin Bakıdakı səfirliyi də bu məsələni aidiyyəti qurumlarla keçirilən görüşlərdə müzakirə edib. Aydındır ki, birbaşa reyslər işgüzar əlaqələrin və insanlararası təmasların inkişafı üçün daha əlverişli şərait yaradır. Bununla belə, aviaşirkətlər öz kommersiya maraqlarını rəhbər tuturlar və birbaşa reyslərin açılması ilə bağlı qərar da məhz onlara məxsusdur. Öz növbəsində, İsveçrə hökuməti ikitərəfli münasibətlərin bütün sahələr üzrə inkişafına töhfə verən istənilən təşəbbüsü dəstəkləməyə hazırdır”, - deyə o əlavə edib.