Çin səfiri: Pekin Azərbaycanla avtomobil yükdaşımalarının həcmini artırmağı hədəfləyir

Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) ötürmə qabiliyyətinin artırılması üçün tərəfdaş ölkələrlə əməkdaşlığı davam etdirəcək və Azərbaycanla avtomobil yükdaşımalarını artırmağı hədəfləyir.

Bunu "Report"a müsahibəsində Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib.

Onun sözlərinə görə, Çində regional bağlantının gücləndirilməsi, iqtisadi inkişafın stimullaşdırılması və qlobal təchizat zəncirlərinin sabitliyinin təmin edilməsində bu marşruta böyük əhəmiyyət verilir.

Diplomat xatırladıb ki, 2025-ci ilin yekunları üzrə TBNM üzrə yükdaşımaların həcmi rekord 4,7 milyon tona çatıb. Səfirin sözlərinə görə, Çin bu marşrut üçün ən böyük yük mənbəyinə çevrilib.

"Çin Azərbaycan tərəfi ilə birgə "Bir kəmər, bir yol" layihəsinin həyata keçirilməsini davam etdirəcək və TBNM-in ötürmə qabiliyyətini artıracaq. Həmçinin vurğulamaq istəyirəm ki, Çin iki ölkə arasında yol əlaqəsini və transsərhəd nəqliyyat əməkdaşlığını yeni səviyyəyə çıxarmaq üçün Azərbaycanla avtomobil daşımaları üzrə hökumətlərarası beynəlxalq sazişlərin imzalanmasına fəal şəkildə töhfə verməyə hazırdır", - səfir bildirib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.