İspaniyada Azərbaycanın külək enerjisi istehsalı nəzərdən keçirilib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Fəqan Abdurəhmanov İspaniya Krallığının paytaxtı Madrid şəhərində keçirilən nüfuzlu “WindEurope Annual Event 2026” beynəlxalq tədbirində iştirak edib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirin açılış mərasimində Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı, İspaniya hökumətinin Baş naziri, Avropa ölkələrinin energetika nazirləri, eləcə də külək enerjisi sahəsi üzrə aparıcı şirkətlər, turbin istehsalçıları və digər beynəlxalq tərəfdaşlar iştirak ediblər. Tədbir çərçivəsində külək enerjisi sahəsində qlobal inkişaf trendləri və strateji istiqamətlər müzakirə olunub.

Direktor müavini tədbir çərçivəsində bir sıra tematik sessiyalarda iştirak edib. Bu sessiyalar süni intellektin külək enerjisi əməliyyatlarında tətbiqi, data mərkəzləri və elektrikləşmə, bərpa olunan enerji ilə data mərkəzlərinin inteqrasiyası, külək enerjisi və müdafiə sektoru arasında əlaqələr, eləcə də investisiya risklərinin azaldılması kimi mövzuları əhatə edib. Bununla yanaşı, dənizdə külək enerjisi üzrə nazirlər sessiyasında və təchizat zəncirinin genişləndirilməsinə dair müzakirələrdə iştirak olunub.

Səfər çərçivəsində “WindEurope” təşkilatı ilə görüş keçirilib. Görüş zamanı agentlik ilə “WindEurope” arasında imzalanmış Anlaşma Memorandumdan irəli gələn məsələlər və əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.

Bundan əlavə, İspaniyanın “Eolos” şirkəti ilə keçirilən görüşdə Xəzər dənizində üzən lidar qurğuları vasitəsilə külək ölçmələrinin aparılması ilə bağlı yaxın zamanda başlanacaq ölçmə kampaniyası müzakirə olunub.

Eyni zamanda, Dünya Bankı nümayəndələri ilə keçirilən görüşdə Azərbaycanda külək turbinlərinin bəzi komponentlərinin yerli istehsalı, eləcə də dənizdə neft-qaz sektorunda mövcud bilik və bacarıqların dənizdə külək enerjisi sahəsinə transferi ilə bağlı texniki yardım layihəsindən irəli gələn məsələlər müzakirə olunub. Həmçinin İspaniyanın “Elecnor” şirkəti ilə baş tutan görüşdə şirkətin Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan 70 MVt-lıq külək enerjisi layihəsi üzrə müqavilələrin razılaşdırılması, eləcə də ölçmələrə başlanılması prosesi ilə bağlı cari vəziyyət müzakirə olunub.