Tikinti eksperti: Azad olunmuş ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın yeni şəhərsalma modelini formalaşdırır

Azərbaycanda şəhərsalma sahəsində həyata keçirilən islahatlar və genişmiqyaslı tikinti layihələri ölkənin dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında tikinti üzrə ekspert Elnur Fərzəliyev bildirib.

Ekspertin sözlərinə görə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və bərpa işləri miqyasına, tətbiq olunan texnologiyalara və planlaşdırma yanaşmasına görə region üçün nümunəvi model hesab oluna bilər.

“Bu ərazilərdə tikinti prosesi yalnız dağıdılmış infrastrukturun bərpasını deyil, eyni zamanda, tamamilə yeni, müasir və dayanıqlı yaşayış mühitinin yaradılmasını nəzərdə tutur. Paytaxt Bakı şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Planın təsdiqlənməsi şəhərsalma proseslərinin sistemli, elmi əsaslara söykənən və uzunmüddətli yanaşma əsasında həyata keçiriləcəyini göstərir. Bu sənəd şəhərin gələcək inkişafının strateji çərçivəsini müəyyən edir və şəhərsalma proseslərinin idarə olunmasında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyur. Azad olunmuş bölgələrdə şəhər və kəndlər sıfırdan, müasir baş planlar əsasında qurulur. Bu yanaşma gələcək onillikləri nəzərə alan strateji planlaşdırmaya əsaslanır. Yaşayış zonaları, sənaye və aqrar sahələr, sosial infrastruktur obyektləri və rekreasiya əraziləri vahid konsepsiya çərçivəsində yerləşdirilir. Bu isə həm iqtisadi səmərəliliyi artırır, həm də əhalinin rahatlığını təmin edir”, – deyə ekspert əlavə edib.

Elnur Fərzəliyev vurğulayıb ki, həmin ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal idarəetmə platformaları, yaşıl enerji zonalarının yaradılması, Günəş və külək enerjisindən istifadə, enerji effektiv tikinti materiallarının tətbiqi bu layihələrin əsas xüsusiyyətlərindəndir: “Nəqliyyat və logistika infrastrukturu da paralel şəkildə inkişaf etdirilir. Yeni avtomobil yolları, dəmir yolu xətləri, körpülər və tunellər inşa olunur, mövcud marşrutlar yenidən qurulur. Bu isə azad olunmuş ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını sürətləndirir və investisiya cəlbediciliyini artırır. Mühəndis-kommunikasiya sistemlərinin qurulması xüsusi diqqət mərkəzində saxlanılır. Müasir su təchizatı və kanalizasiya şəbəkələri yaradılır, elektrik və qaz xətləri yenidən çəkilir, fiber-optik internet infrastrukturu qurulur. Tikinti işlərində ekoloji balansın qorunması prioritet istiqamətlərdən biridir. Yaşıl zonaların salınması, su ehtiyatlarının səmərəli idarə olunması və tullantıların müasir üsullarla emalı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu ərazilərdə qurulan yeni yaşayış məntəqələri yalnız yaşayış üçün deyil, həm də iqtisadi fəaliyyət mərkəzləri kimi nəzərdə tutulur. Aqrar sektorun inkişafı, turizm potensialının reallaşdırılması və kiçik və orta biznesin təşviqi üçün geniş imkanlar yaradılır”.

Elnur Fərzəliyev əlavə edib ki, bütün bu proseslər vahid konseptual yanaşma əsasında həyata keçirilir və nəticə etibarilə Azərbaycanın yeni şəhərsalma inkişaf modelini formalaşdırır.

“Azad olunmuş ərazilərdə aparılan tikinti və quruculuq işləri artıq bu bölgələri regionun ən müasir yaşayış və iqtisadi mərkəzlərindən birinə çevirmək potensialına malikdir”, – deyə o vurğulayıb.