Serbiya Azərbaycanla 2030-cu ildə Niş şəhərində qaz elektrik stansiyasının tikintisi başa çatdıqdan sonra illik 1,4 milyard kubmetrə qədər artırılması perspektivi ilə 0,9 milyard kubmetrə qədər çevik qaz tədarükü imkanını müzakirə edir.
Bunu Serbiyanın mədən sənayesi və energetika naziri xanım Dubravka Djedoviç Handanoviç Trend-ə Bakıya son səfərinin yekunlarına dair verdiyi özəl müsahibədə bildirib.
“Bakıya səfər çərçivəsində Azərbaycan maliyyə, iqtisadiyyat və energetika nazirləri, eləcə də SOCAR dövlət neft şirkətinin nümayəndələri ilə yüksəksəviyyəli görüşlər keçirdik. Bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin və strateji tərəfdaşlığın möhkəmləndirilməsinin davamı oldu. Danışıqlar zamanı qaz tədarükü sahəsində uzun illər davam edən uğurlu əməkdaşlıq müzakirə edildi, xüsusilə də Serbiyada qaz elektrik stansiyasının tikintisi layihəsinə diqqət yetirildi. Prezident İlham Əliyev fevralın 15-də Belqradda keçirilmiş Strateji Tərəfdaşlıq Şurasının ilk iclasında bu layihəni son illərdə Azərbaycanın Avropadakı ən böyük investisiyalarından biri kimi qiymətləndirmişdi.
Serbiya Prezidenti Aleksandar Vuçiçin qeyd etdiyi kimi, həmin iclas iki ölkə münasibətlərində dönüş nöqtəsi olmuş və əməkdaşlığı yeni səviyyəyə qaldırmaq istiqamətində ümumi meylin olduğunu təsdiqləyib. Tərəflər intensiv dialoqu davam etdirmək və Serbiya üçün prioritet layihələrdən biri olan qaz elektrik stansiyası üzrə konkret işləri sürətləndirmək barədə razılığa gəliblər. Bu layihənin həyata keçirilməsi, xüsusilə elektrik enerjisinə tələbatın artması, süni intellektdən istifadənin genişlənməsi və data mərkəzlərinin inkişafı fonunda ölkənin enerji təhlükəsizliyini gücləndirəcək”, – deyə nazir bildirib.
Handanoviç qeyd edib ki, Serbiya hazırda enerji keçidi mərhələsindədir və bu prosesdə bərpa olunan enerji mənbələrinə əsaslanan yeni güclərin inteqrasiyası ilə yanaşı, baza generasiyasının gücləndirilməsi də zəruridir.
“Buna görə qaz elektrik stansiyaları əsas strateji sənədlərimizdə mühüm element kimi müəyyən edilib. Biz anlayırıq ki, Azərbaycan elektrik enerjisinin əhəmiyyətli hissəsini qaz stansiyalarında istehsal edir və bu təcrübəni Serbiyada layihənin həyata keçirilməsi üçün, xüsusilə də SOCAR ilə əməkdaşlıq çərçivəsində, çox dəyərli hesab edirik. SOCAR layihədə yalnız qaz tədarükçüsü kimi deyil, həm də generasiya güclərinin inkişafı üzrə strateji tərəfdaş kimi iştirak edəcək”, – deyə o vurğulayıb.
Nazir əlavə edib ki, Bolqarıstanla qaz interkonnektorunun tikintisi və istismara verilməsi sayəsində Serbiya TAP və TANAP qaz kəmərlərinə qoşularaq Cənub Qaz Dəhlizinin bir hissəsinə çevrilib.
“Bu, bizə ilk dəfə olaraq qaz tədarükü mənbələrini şaxələndirməyə imkan yaradıb. Son üç il ərzində biz Azərbaycandan sabit şəkildə qaz alırıq və Bakıda keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının nazirlər səviyyəli iclaslarında, eləcə də digər enerji əməkdaşlığı formatlarında müntəzəm iştirak edirik. Əməkdaşlığın başlanmasından bəri qaz tədarükü iki dəfə artaraq ötən il gündə təxminən 2 milyon kubmetrə çatıb. SOCAR nümayəndələri ilə aparılan danışıqlarda ildə 0,9 milyard kubmetrə qədər çevik qaz tədarükü və 2030-cu ildə Nişdə qaz elektrik stansiyasının tikintisi başa çatdıqdan sonra bu həcmin ildə 1,4 milyard kubmetrə qədər artırılması imkanları nəzərdən keçirilir. Bu stansiyanın fəaliyyəti üçün ildə təxminən 600 milyon kubmetr Azərbaycan qazına ehtiyac olacağı gözlənilir. Buna görə də SOCAR-ı Serbiyanın enerji təhlükəsizliyinin təmin olunmasında uzunmüddətli tərəfdaş kimi qiymətləndiririk”,- deyə Handanoviç əlavə edib.
Nazir bildirib ki, Serbiya SOCAR-ı etibarlı qaz tədarükçüsü və ölkədə "Srbijagas" və "EPS" şirkətləri ilə birgə həyata keçiriləcək qaz elektrik stansiyasının tikintisi və istismarı üzrə tərəfdaş kimi qiymətləndirir.
“Eyni zamanda, hər iki ölkənin və onların enerji şirkətlərinin bərpa olunan enerji mənbələrinə əsaslanan yeni güclərin inkişafı istiqamətində niyyətlərinə uyğun olaraq enerji keçidi sahəsində təcrübə mübadiləsi üçün də potensial mövcuddur”, – deyə o bildirib.
Handanoviç xatırladıb ki, Belqradda keçirilən Strateji Tərəfdaşlıq Şurasının ilk iclasında tərəflər Serbiyada buxar-qaz elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və istismarı üzrə saziş imzalayıblar.
“Həmçinin layihənin işlənməsi ilə məşğul olan birgə işçi qrup yaradılıb. Yaxın bir ay ərzində qaz elektrik stansiyasının tikintisi ilə bağlı əsas müddəaları və kommersiya şərtlərini, eləcə də layihələndirmə və tikinti müddətlərini razılaşdırıb rəsmiləşdirməyi planlaşdırırıq”, – deyə o əlavə edib.
Nazir həmçinin qeyd edib ki, Serbiya Balkanlarda mərkəzi mövqeyini və Cənub-Şərqi Avropanın daha geniş regionunda enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynamaq potensialını nəzərə alaraq, dəyəri 1 milyard avrodan çox olan elektrik ötürücü infrastrukturu üzrə genişmiqyaslı investisiya proqramı həyata keçirir.
“Hazırda Serbiyanı Rumıniya, Bosniya və Herseqovina, Monteneqro və İtaliya ilə birləşdirəcək Transbalkan dəhlizinin tikintisi davam edir. Bundan əlavə, Macarıstanla elektrik ötürmə xətlərinin ötürücülük qabiliyyətini iki dəfə artırmağa imkan verəcək Panon dəhlizinin yaradılması planlaşdırılır. Planlaşdırılan investisiyalar həyata keçirildikdən sonra sərhədlərarası elektrik enerjisi mübadiləsi gücü 4 000 MVt-dan 6 000 MVt-a qədər artacaq. Azərbaycan nümayəndə heyəti ilə müzakirə olunan istiqamətlərdən biri də xüsusilə də ölkənin artıq bu layihəyə cəlb olunmuş dövlətlərlə həmsərhəd olması nəzərə alınmaqla, Serbiyanın Xəzər regionu ilə Cənub-Şərqi Avropa arasında “Yaşıl enerji dəhlizi” layihəsində mümkün iştirakıdır,"-deyə nazir bildirib.
Son illərdə Avropa üzrə müşahidə olunan enerji şəbəkələrində yüklənmələrin artması, xüsusilə bərpa olunan enerji mənbələrinə əsaslanan yeni güclərin inteqrasiyası şəraitində enerji sisteminin sabitliyini təmin etmək üçün interkonnektorlara investisiyaların artırılmasının və ötürmə gücünün gücləndirilməsinin vacibliyini göstərir”, – deyə nazir vurğulayıb.
Handanoviç qeyd edib ki, Serbiya hazırda enerji keçidi mərhələsindədir və bu prosesdə bərpa olunan enerji mənbələrinə əsaslanan yeni güclərin inteqrasiyası ilə yanaşı, baza generasiyasının gücləndirilməsi də zəruridir.
Nazir həmçinin qeyd edib ki, Serbiya Balkanlarda mərkəzi mövqeyini və Cənub-Şərqi Avropanın daha geniş regionunda enerji təhlükəsizliyinin təminində əsas rol oynamaq potensialını nəzərə alaraq, dəyəri 1 milyard avrodan çox olan elektrik ötürücü infrastrukturu üzrə genişmiqyaslı investisiya proqramı həyata keçirir.