Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu (Səlahiyyətli Qurum) dünyanın aparıcı sənaye sərgilərindən biri olan “Hannover Messe 2026”-da iştirak edib. Cari ilin 20–24 aprel tarixlərində Almaniyanın Hannover şəhərində keçirilən sərgidə təxminən 3000-ə yaxın şirkət təmsil olunub.
Sərgidə Səlahiyyətli Qurum ayrıca stendlə çıxış edərək, iştirakçılara Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış əlverişli biznes mühit barədə ətraflı məlumat təqdim edib. Nümayəndə heyəti sərgi çərçivəsində İtaliya, Türkiyə, Çin, Hindistan və digər ölkələrdən şirkətlər, habelə Alman-Azərbaycan Xarici Ticarət Palatasının dəstəyi ilə Almaniya şirkətləri ilə bir sıra görüşlər keçirib.
Görüşlər zamanı potensial investorlara zonanın unikal qanunvericilik bazası, geniş maliyyə və qeyri-maliyyə güzəştləri, inkişaf etmiş nəqliyyat və logistika imkanları, eləcə də istifadəyə hazır infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş sənaye torpaq sahələri barədə məlumat verilib.
Səlahiyyətli Qurumun nümayəndələri Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi üstünlükləri vurğulayaraq, xarici investorları burada istehsal müəssisələri qurmağa dəvət ediblər.