Kulevi neft terminalının gücünün genişləndirilməsi və yeni texnologiyaların tətbiqi planlaşdırılır.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən II Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika forumda "SOCAR Georgia Black Sea Terminal" şirkətinin neft terminalının baş direktoru İsmayıl Kərimov bildirib.
Onun sözlərinə görə, 2006-cı ildən fəaliyyət göstərən terminalda yüklərin aşırılmasının səmərəliliyini artırmaq və əlavə müştərilər cəlb etmək üçün yeni texnologiyaların və avtomatlaşdırılmış sistemlərin tətbiqi nəzərdə tutulur.
“Əsas planlar sırasında terminalın bütün ərazisində işıqlandırmanın modernləşdirilməsi layihəsinin başa çatdırılması var ki, bu da iş şəraitini və əməliyyat səmərəliliyini yaxşılaşdırmalıdır. Bundan əlavə, yaxın vaxtlarda SGS şirkətinin laboratoriyasının birbaşa terminal ərazisində istifadəyə verilməsi gözlənilir. Bu, hazırda nümunələrin Batumiyə göndərilməsi səbəbindən 8–9 saat çəkən analiz müddətini 1–2 saata qədər azaltmağa imkan verəcək”, – baş direktor bildirib.
İ.Kərimov həmçinin, hər birinin tutumu 20 min kubmetr olan dörd yeni rezervuarın tikintisi planları barədə məlumat verib.
“Ümumi investisiya həcmi təxminən 25 milyon dollar təşkil edəcək , bununla belə layihə tam şəkildə terminalın öz vəsaiti hesabına maliyyələşdiriləcək. İcra müddəti təxminən bir il yarım qiymətləndirilir”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, bu təşəbbüslərin həyata keçirilməsi terminalın Orta Dəhlizdə mövqelərini gücləndirməyə və gələcəkdə aşırma həcmlərini artırmağa imkan verəcək.
Onun sözlərinə görə, 2006-cı ildən fəaliyyət göstərən terminalda yüklərin aşırılmasının səmərəliliyini artırmaq və əlavə müştərilər cəlb etmək üçün yeni texnologiyaların və avtomatlaşdırılmış sistemlərin tətbiqi nəzərdə tutulur.