Qısamüddətli təchizat itkiləri və yavaşlayan tutum artımı 2026-2030-cu illər arasında təxminən 120 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü itkisinə səbəb ola bilər. Digər bölgələrdəki yeni LNG layihələrinin zamanla bu itkiləri kompensasiya etməsi gözlənilsə də, Yaxın Şərqdəki proseslərin 2026-2027-ci illərdə bazara mənfi təsirinin davam edəcəyi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında deyilir.
Məlumata görə, Yaxın Şərq münaqişəsi fonunda Hörmüz boğazının bağlı qalması qlobal LNG təchizatının təxminən 20 faizinin bazardan çıxmasına səbəb olub. Nəticədə bazar şərtləri kəskin şəkildə dəyişib və qlobal LNG istehsalı illik müqayisədə 8 faiz azalıb. Bu da əsas idxal bölgələrində kəskin qiymət artımlarına səbəb olub. Mart ayında güclü dəyişkənlik dövründə Asiya və Avropada təbii qaz qiymətləri 2023-cü ilin yanvarından bəri ən yüksək səviyyəyə yüksəlib. Avropada təbii qaza tələbat martda illik müqayisədə təxminən 4 faiz azalıb.
“Yaxın Şərq böhranın ortamüddətli perspektivdə də bazara təsir göstərəcəyi gözlənilir. Qətərdə mayeləşdirilmiş təbii qaz infrastrukturuna dəyən ziyan proqnozlaşdırılan təchizat artımını azaldacaq və gözlənilən qlobal LNG genişlənmə dalğasının təsirini isə ən azı 2 il gecikdirəcək”, - deyə məlumatda bildirilir.
Mayeləşdirilmiş təbii qaz dəyər zənciri boyunca davamlı adekvat investisiya qoyuluşu, istehsalçılar və istehlakçılar arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi yolu ilə qlobal qaz təchizatı təhlükəsizliyinin gücləndirilməsinin vacibliyi vurğulanır. Həmçinin uzunmüddətli müqavilələrin şaxələndirilmiş portfelinin qaz idxalçıları üçün pozuntu dövrlərində qiymət dəyişkənliyinin azaldılması baxımından gətirə biləcəyi üstünlüklər də qeyd olunur.
Bildirilir ki, qlobal LNG ticarəti oktyabr-fevral aylarında illik müqayisədə 12 faiz artıb, eyni dövrdə Avropa və Asiyada isə təxminən 25 faiz azalma müşahidə edilib.