Orta Dəhliz güclənir: Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu strateji əhəmiyyət qazanır

Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsi getdikcə daha böyük strateji əhəmiyyət qazanır.

Trend xəbər verir ki, bu barədə Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov sosial şəbəkə hesabında bildirib.

O xatırladıb ki, bu yaxınlarda Bişkekdə Türk Dövlətləri Təşkilatı nəqliyyat nazirlərinin görüşü Mərkəzi Asiya və daha geniş region üzrə əlaqəliliyin necə inkişaf etdiyini göstərən mühüm bir dönüş nöqtəsini vurğuladı.

Sabiq nazir bildirib ki, müzakirələrin mərkəzində Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsi dayanırdı: “Bu layihə tədricən konsepsiyadan çıxaraq Çin–Mərkəzi Asiya–Qafqaz–Avropa marşrutunun əsas elementinə çevrilir. Tamamlandıqdan sonra bu xətt Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) gücləndirəcək və artıq ənənəvi Avrasiya ticarət yollarına real alternativ kimi dəyərləndirilir.

Bu layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, Çin və Avropa arasında əlaqəni gücləndirir, tranzit vaxtını azaldır və marşrut çevikliyini artırır, dəyişən geosiyasi şəraitdə qlobal təchizat zəncirlərinin şaxələndirilməsinə və dayanıqlığına töhfə verir, Mərkəzi Asiyanın qapalı regiondan çıxaraq tranzit mərkəzinə çevrilməsini dəstəkləyir, eləcə də Türk dövlətləri və qonşu regionlar arasında iqtisadi əməkdaşlığı gücləndirir”.

V. Norovun sözlərinə görə, Bişkekdə aparılan müzakirələr yalnız infrastrukturla məhdudlaşmadı, eyni zamanda tam inteqrasiya olunmuş nəqliyyat ekosisteminin qurulmasına xüsusi diqqət yetirilir: “Bu xüsusda sərhəd prosedurlarının sadələşdirilməsi və tranzitin sürətləndirilməsi, tariflərin, standartların və qaydaların uyğunlaşdırılması və multimodal nəqliyyat həllərinin genişləndirilməsini qeyd edə bilərik.

 

Eyni dərəcədə vacib istiqamət rəqəmsallaşmadır. Məsələn, bir neçə ölkə üzrə e-icazə (e-Permit) sistemlərinin tətbiqi, eləcə də sərhədlərarası yük daşımalarını sürətləndirmək üçün e-CMR (elektron yük sənədləri) sisteminin tətbiqini qeyd etmək olar.

Digər mühüm amil isə Xəzər dənizidir. Burada bərə xidmətləri və dəniz logistikasında əməkdaşlıq dəhlizin fasiləsiz işləməsi üçün əsas rol oynayır. Bu, Orta Dəhlizin uğurunun dəmir yolu, avtomobil və dəniz nəqliyyatının sinxron inkişafından asılı olduğunu göstərir”.

“Nəticə etibarilə, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu artıq yalnız regional infrastruktur layihəsi deyil, o, yeni Avrasiya logistika arxitekturasının strateji komponentinə çevrilir. Onun tam potensialı yalnız tikinti prosesindən deyil, həm də iştirakçı ölkələr arasında koordinasiyanın, rəqəmsallaşmanın və siyasət uyğunluğunun dərinliyindən asılı olacaq”, - V. Norov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən, həmçinin Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.