Sergey Revin: Azərbaycan Orta Dəhlizin əsas logistik mərkəzlərindən biri kimi çıxış edir

Orta Dəhliz bir neçə ölkədən keçərək müxtəlif nəqliyyat növlərini – dəmir yolu, dəniz və liman infrastrukturunu birləşdirir və son nəticədə Qara dənizə çıxış təmin edir. Bu səbəbdən prosesdə quru sərhəd keçidləri, gömrük prosedurları və müxtəlif logistika mərhələləri ardıcıl şəkildə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə “II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu”nda çıxışı zamanı "AGB Energy" şirkətinin icraçı direktoru Sergey Revin bildirib.

O Çindən Avropaya uzanan ən qısa nəqliyyat marşrutunun strateji əhəmiyyəti, eyni zamanda, onun mürəkkəbliyi barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, sözügedən marşrut coğrafi baxımdan ən qısa yol olsa da, praktiki baxımdan çoxşaxəli və çətin idarə olunan multimodal nəqliyyat dəhlizidir.

"Ümumi uzunluğu Qara dənizə qədər təxminən 5000 kilometr olan bu marşrut əsasən Özbəkistan, Türkmənistan, Xəzər dənizi hövzəsi, Azərbaycan və Gürcüstan ərazilərindən keçir", - deyə o vurğulayıb.

Sergey Revin qeyd edib ki, Özbəkistan bu dəhlizdə mühüm tranzit ölkə kimi sürətlə inkişaf edir: "Ölkədə neft emalı sahəsində mövcud potensial, eləcə də Buxara və Fərqanə kimi emal müəssisələri regional daşımaların artmasına töhfə verir. Eyni zamanda, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin həyata keçirilməsi ölkənin tranzit imkanlarını daha da genişləndirəcək".

Revinin sözlərinə görə, Türkmənistan da regionda enerji istehsalçısı və tranzit ölkə kimi əhəmiyyətli mövqe tutur: "Ölkədə fəaliyyət göstərən iri neft emalı müəssisələri və təxminən 5000 kilometrlik dəmir yolu şəbəkəsi regional daşımalar üçün mühüm infrastruktur yaradır. Dəhlizin strateji hissələrindən biri olan Xəzər dənizi isə hazırda əsas “boğaz nöqtəsi” kimi qiymətləndirilir. Burada su səviyyəsinin enməsi və gəmiçilik imkanlarının məhdudluğu daşınma həcminə birbaşa təsir göstərir. Qazaxıstanın Aktau və Kurık limanlarının potensialından tam istifadə olunmaması da bu çağırışları artırır".

Sergey Revin əlavə edib ki, Azərbaycan dəhlizin əsas logistik mərkəzlərindən biri kimi çıxış edir. Ölkənin dəmir yolu infrastrukturu və Bakı–Tbilisi–Qars kimi layihələr, eləcə də perspektiv Zəngəzur dəhlizi tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

"Gürcüstan isə Qara dənizə çıxış baxımından həlledici rol oynayır. Dağlıq relyefin yaratdığı çətinliklərə baxmayaraq, ölkədə nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu dəhlizin dayanıqlı inkişafı üçün bir neçə əsas amil vacibdir. İlk növbədə təhlükəsizlik təmin olunmalı, geosiyasi risklər nəzərə alınmalıdır. Rusiya–Ukrayna münaqişəsi və Yaxın Şərqdəki gərginliklər alternativ marşrutların strateji əhəmiyyətini artırır. İkinci mühüm amil isə vahid strategiyanın formalaşdırılmasıdır. Dəhliz boyunca yerləşən ölkələr arasında koordinasiyalı fəaliyyət və daimi əməkdaşlıq olmadan səmərəli nəticə əldə etmək mümkün deyil.

Bundan başqa, vahid qaydalar və prosedurların tətbiqi logistika proseslərinin sadələşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır", - deyə Sergey Revin əlavə edib.

Sonda iqtisadi sabitliyin roluna toxunan "AGB Energy" şirkətinin icraçı direktoru qeyd edib ki, yalnız stabil iqtisadi mühit şəraitində böyükhəcmli beynəlxalq tranzit layihələrinin davamlı və səmərəli fəaliyyəti təmin oluna bilər.