Bolqarıstan ilə Azərbaycan arasında iqtisadi-ticari əməkdaşlığın perspektivləri sabit olaraq qalır və qarşıdakı illərdə əhəmiyyətli inkişaf potensialına malikdir.
Bu barədə AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının son buraxılışında beynəlxalq münasibətlər üzrə bolqarıstanlı ekspert Stanislav Baçev bildirib. Onun sözlərinə görə, Cənubi Qafqaz və Balkanlar dəyişən qlobal geosiyasi arxitektura kontekstində tarixi əhəmiyyətini tədricən bərpa edir.
“Bolqarıstan “Avropaya açılan qapı” strateji mövqeyinə malikdir və bu, Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaradır”, - deyə ekspert qeyd edib. O əlavə edib ki, ikitərəfli münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb, ardıcıl və konstruktiv şəkildə inkişaf edir.
Ekspert vurğulayıb ki, Bakı ilə Sofiya arasında hava əlaqəsinin bərpası bu prosesin mühüm rəmzidir və ölkələr arasında dərinləşən siyasi, iqtisadi və humanitar əlaqələri əks etdirir.