Xankəndi şəhərində yeni marşrut şəbəkəsi üzrə marşrutlar istifadəyə verilir.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.
Xankəndidə fəaliyyət göstərəcək şəhərdaxili avtobus marşrutları aşağıdakılardır:
- 1 nömrəli avtobus “Qarabağ Universitetinin Klinikası - Xankəndi Tikiş Fabriki”;
- 2 nömrəli avtobus “Kərkicahan qəsəbəsi - Dəmiryol və Avtovağzal kompleksi”;
- 3 nömrəli avtobus isə “Qarabağ Universitetinin Klinikası – 1-ci dairə marşrutları üzrə hərəkət edəcək.
Məlumata görə, marşrut xətləri boyu ümumilikdə 62 ünvanda dayanacaq məntəqələri müəyyən edilib və müvafiq nişanla təchiz olunub.
Sözügedən marşrutlar üzrə sərnişindaşımalar “BakuBus” MMC-yə məxsus ekoloji təmiz elektrik avtobuslarları ilə həyata keçiriləcək. Xankəndidə əhalinin bugünkü tələbatını nəzərə alaraq ilkin mərhələdə ümumilikdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərəcək.
Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Bunun üçün nəqliyyat vasitələrində müvafiq avadanlıqlar quraşdırılıb. Sərnişinlər ödənişlərini fiziki “BakıKart”, QR-bilet , eləcə də NFC texnologiyası vasitəsilə istənilən bank kartı və mobil ödəniş sistemləri (“Google Pay” və “Apple Pay”) ilə həyata keçirə bilərlər. Fiziki kartların balansını Xankəndi şəhərində mövcud olan ödəniş terminalları vasitəsilə artırmaq mümkündür.