TAP Albaniyada qaz toplama məntəqəsi layihəsinin icra mərhələsinə başlayıb (ÖZƏL)

Transadriatik Qaz Boru Kəməri (TAP) Konsorsiumu Albaniyanın Fiyeri şəhərində qaz toplama məntəqəsi layihəsinin icra mərhələsinə başlayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TAP AG-dən bildirilib.

“TAP təsdiq edir ki, Fiyeridə qaz toplama məntəqəsi layihəsinin icra mərhələsinə başlanılıb. Bu proses TAP-ın tikintisi dövründə Fiyeri şəhəri yaxınlığında yerləşən ACS03 qaz kompressor stansiyasında quraşdırılmış mövcud götürmə məntəqəsindən istifadə edilməklə həyata keçirilir. Layihə çərçivəsində qazın ölçülməsi və təzyiqin azaldılması qurğusunun tikintisi nəzərdə tutulur. Bu qurğu ACS03 yaxınlığında yerləşəcək və gələcək paylayıcı qaz kəmərinə qazın ötürülməsi üçün nəzərdə tutulub”, – konsorsiumda bildirilib.

TAP AG-nin məlumatına görə, layihələndirmə, satınalma və tikinti (EPC) üzrə müqavilə 2025-ci ildə podratçıya verilib: “Hazırda mühəndislik və satınalma işləri davam edir, sahədə tikinti işlərinə başlanmasının isə 2026-cı ilin ortalarında gözlənildiyi bildirilir. Layihənin başa çatması 2027-ci ilin dördüncü rübünə planlaşdırılıb”.

Konsorsiumda qeyd edilib ki, Fiyeridə qaz toplama məntəqəsi TAP-ın çoxmilyonlu investisiyasıdır və layihə başa çatdıqdan sonra Albaniya hökumətinə təhvil veriləcək.

 

“Bu layihə ölkənin qazlaşdırılması prosesinin əsas elementi kimi qiymətləndirilir, qaz infrastrukturunun mərhələli inkişafını və təbii qaza çıxışın genişlənməsini təmin edir. Eyni zamanda, Albaniyanın regional qaz axınlarına qoşulmasına və Cənub-Şərqi Avropada enerji əlaqəliliyinin gücləndirilməsinə imkan verəcək. TAP Albaniyada qazlaşdırma prosesinə və ölkənin iqtisadi artımına dəstəyini, daha dayanıqlı və etibarlı enerji sisteminə keçidi təşviq etməklə bir daha təsdiqləyib”, – deyə TAP AG-də vurğulanıb.

Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa seqmentidir və Xəzər dənizində yerləşən Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan təbii qazı Avropa bazarlarına nəql edir. Təxminən 878 kilometr uzunluğa malik olan boru kəməri Yunanıstan-Türkiyə sərhədində TANAP-la birləşir, Yunanıstan və Albaniyadan keçərək Adriatik dənizini keçir və İtaliyanın cənubunda quruya çıxır.

TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə təxminən 10 milyard kubmetr təşkil edir və bazar tələbi və tənzimləyici razılaşmalar olduğu halda bu həcmi 20 milyard kubmetrə qədər artırmaq mümkündür.

Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa seqmentidir və Xəzər dənizində yerləşən Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan təbii qazı Avropa bazarlarına nəql edir. Təxminən 878 kilometr uzunluğa malik olan boru kəməri Yunanıstan-Türkiyə sərhədində TANAP-la birləşir, Yunanıstan və Albaniyadan keçərək Adriatik dənizini keçir və Cənubi İtaliyada quruya çıxır.