“Maliyyə icarəsi haqqında” qanun iqtisadiyyatın daha da dinamikləşməsinə xidmət edəcək - Sevil Mikayılova

“Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının qanunu ölkəmizdə maliyyə sektorunun inkişafı və iqtisadiyyatın dayanıqlı artımının təmin edilməsi istiqamətində mühüm addımlardan biri kimi xüsusi əhəmiyyət kəsb edir.

Trend xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Sevil Mikayılova parlamentin bugünkü plenar iclasında “Maliyyə icarəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, “Maliyyə icarəsi haqqında” qanun layihəsinin qəbulu Azərbaycanda maliyyə bazarlarının inkişafına, sahibkarlığın güclənməsinə və ümumi iqtisadi artımın davamlılığının təmin olunmasına xidmət edən mühüm institusional islahat kimi qiymətləndirilə bilər: “Belə ki, qanun maliyyə icarəsi üzrə tənzimlənmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi mexanizmlərini formalaşdıraraq, bazarın daha şəffaf və effektiv fəaliyyətinə şərait yaradacaq. Bu isə maliyyə resurslarına çıxışın genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

S.Mikayılova vurğulayıb ki, Bank sektorunun əsas tənzimləyicisi olan Mərkəzi Bank bu qanun vasitəsilə yeni maliyyə alətini tətbiq etməklə iqtisadiyyata əlavə dəyər qazandırılmasını təmin edə bilər.

“Beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyə icarəsi aləti bazar münasibətlərinin çevikliyini artırır. İcarəçi zəruri aktivlərdən istifadə etməklə öz fəaliyyətini qurur, icarəyə verilən aktiv üzərində mülkiyyət hüququnu qoruyaraq gəlir əldə edir. Bu isə bütövlükdə iqtisadiyyatın daha da dinamikləşməsinə xidmət edir. Bu mənada, “Maliyyə icarəsi haqqında” qanun layihəsində xarici hüquqi şəxslərlə bağlı tələblərin müəyyən edilməsi Azərbaycan maliyyə bazarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasını dərinləşdirərək, ölkəyə xarici investisiyaların cəlb olunmasına əlavə imkanlar yaradacaq”, - deyə deputat bildirib.

Eyni zamanda, S.Mikayılova əlavə edib ki, xarici şirkətlərin maliyyə icarəsi bazarına çıxışı texnologiya və qabaqcıl idarəetmə təcrübələrinin ölkəyə transferinə şərait yaradır.

 

“İnkişaf etmiş bazarlarda formalaşmış lizinq mexanizmlərinin tətbiqi yerli maliyyə sektorunun keyfiyyətcə yeni mərhələyə keçidini sürətləndirə bilər. Bu isə xidmətlərin çeşidinin artmasına, maliyyə məhsullarının daha innovativ və çevik olmasına gətirib çıxarır. Digər mühüm məqam ondan ibarətdir ki, xarici iştirakçıların bazara daxil olması rəqabəti artırır. Rəqabətin güclənməsi isə xidmət keyfiyyətinin yüksəlməsinə, maliyyə icarəsi şərtlərinin daha əlverişli olmasına və nəticədə sahibkarların daha geniş imkanlar əldə etməsinə səbəb olur. Xüsusilə, bu proses orta və iri biznes subyektlərinin uzunmüddətli və daha sərfəli maliyyə resurslarına çıxışını asanlaşdırır”, - deyə deputat bildirib.

S.Mikayılova qeyd edib ki, qanun layihəsində maliyyə icarəsi subyektləri arasında risklərin bölüşdürülməsi və sığortalanması ilə bağlı müddəaların yer alması bazarın dayanıqlılığı baxımından vacibdir:

“Xüsusilə, maliyyə icarəsi obyektinin zədələnməsi, vaxtından əvvəl sıradan çıxması və ya istifadə zamanı yaranan risklərin kim tərəfindən daşınmasının aydın şəkildə tənzimlənməsi hüquqi mübahisələrin azalmasına və biznes mühitində etimadın artmasına səbəb olur. Eyni zamanda, sığorta mexanizmlərinin qanunvericilik səviyyəsində təşviqi maliyyə icarəsi əməliyyatlarının təhlükəsizliyini artırır və risklərin idarə olunmasını daha effektiv edir. Bu, həm icarəçilərin, həm də icarəyə verənlərin maraqlarını qoruyaraq maliyyə bazarında sabitliyi gücləndirir”.

S.Mikayılova əlavə edib ki, “Maliyyə icarəsi haqqında” qanun layihəsi Azərbaycanda maliyyə bazarlarının dərinləşdirilməsi, sahibkarlığın inkişafı və iqtisadi artımın sürətləndirilməsi baxımından mühüm institusional addımdır.

“Bank sektorunun tənzimləyicisi kimi cıxış edən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yeni maliyyə alətinin tətbiqi iqtisadiyyata əlavə dəyər qazandıracaq, investisiya imkanlarını genişləndirəcək və bazarın çevikliyini artıracaq. Beynəlxalq reytinq agentlikləri qeyd edir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən 2024–2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində effektiv tənzimlənmə və nəzarət mexanizmlərinin tətbiqi ilə yerli bank sektorunda qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi sürətlənib. Ümid edirik ki, bu qanun iqtisadi artımın sürətlənməsinə, biznes mühitinin yaxşılaşmasına və investisiya imkanlarının genişlənməsinə mühüm töhfə verəcək”, - deyə deputat bildirib.