Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda şəhər ictimai dəmir yolu nəqliyyatının inkişafına dəstək üzrə layihəni nəzərdən keçirir.
Bu barədə Trend banka istinadən xəbər verir.
Maliyyələşmənin Xüsusi Texniki Yardım Fondundan 500 min ABŞ dolları həcmində ayrılması nəzərdə tutulur.
Texniki yardım ilk növbədə, qismən AİB tərəfindən təxminən 1 milyard ABŞ dolları məbləğində kredit hesabına maliyyələşdiriləcək Bakı Metropoliteninin genişləndirilməsi üzrə İnvestisiya Proqramının hazırlanmasına yönəldiləcək. Proqram çərçivəsində metro xəttinin davamının - uzunluğu 8,3 km olan tunellərin tikintisi və beş yeni stansiyanın inşası nəzərdə tutulur. Texniki yardım detallı layihələndirmənin vaxtında və hərtərəfli yoxlanılmasını, ekoloji və sosial standartlara, eləcə də satınalma prosedurlarına riayət olunmasını təmin edəcək.
Bundan əlavə, texniki yardım vasitəsilə 2030-cu ildən sonrakı dövrdə şəbəkənin genişləndirilməsinin növbəti mərhələsinin hazırlanmasında Bakı Metropoliteninə, eləcə təxmini dəyəri 1 milyard ABŞ dollarına yaxın olan (ƏDV istisna olmaqla) altı infrastruktur dəmir yolu layihəsini əhatə edən “Abşeron dairəvi xətti” layihəsinin hazırlanmasında Azərbaycan Dəmir Yollarına dəstək göstəriləcək.
Azərbaycan hökuməti layihənin paralel maliyyələşdirmə formatında – hər bir institutdan təxminən 1 milyard ABŞ dolları olmaqla – maliyyələşdirilməsi üçün AİB və Asiya İnfrastruktur İnvestisiya Bankına müraciət edib. Gözlənilir ki, AİB rəqəmsallaşdırma komponentini və metronun “bənövşəyi” xəttinin (beş stansiya daxil olmaqla) uzadılmasını maliyyələşdirəcək, AIIB isə depo tikintisini (1-ci mərhələ) və “yaşıl” xəttin (dörd stansiya daxil olmaqla) uzadılmasını maliyyələşdirəcək. Layihənin icra müddəti təxminən yeddi il təşkil edəcək.
Kredit layihəsi Bakı şəhərinin və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025–2030-cu illər üçün Dövlət Proqramının tərkib hissəsidir. Proqram paytaxtın nəqliyyat sisteminin modernləşdirilməsinə, iqtisadi inkişafın sürətləndirilməsinə və əhalinin həyat keyfiyyətinin, Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq, yüksəldilməsinə yönəlib.
Təklif olunan texniki yardım AİB-in əsas tələblərinin yerinə yetirilməsini, o cümlədən layihə həllərinin yoxlanılmasını, həmçinin ekoloji və sosial standartlara (A kateqoriyası) və satınalma prosedurlarına riayət olunmasını təmin edəcək.
Təklif olunan texniki yardım AİB-in əsas tələblərinin yerinə yetirilməsini, o cümlədən layihə həllərinin yoxlanılmasını, həmçinin ekoloji və sosial standartlara (A kateqoriyası) və satınalma prosedurlarına riayət olunmasını təmin edəcək.