Təhsil və insan kapitalı Azərbaycan ilə İspaniya arasında ən perspektivli körpülərdən birinə çevrilə bilər. Azərbaycanda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına dair anlaşma memorandumunun imzalanması bu istiqamətdə konkret addımdır.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına dair anlaşma memorandumunun imzalanması mərasimində çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, bu təşəbbüs Azərbaycan–İspaniya münasibətlərinə yeni bir ölçü əlavə edir.
“Ölkələrimiz artıq ticarət, investisiya, enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya və innovasiya sahələrində əməkdaşlıq edir. Strateji İqtisadi Dialoq və qəbul edilmiş yol xəritəsi daha dərin əməkdaşlıq üçün praktik əsas yaradır. Bu kontekstdə, Prezident İlham Əliyev və Baş nazir Pedro Sançes səviyyəsində razılaşdırılmış Azərbaycan–İspaniya Universitetinin gələcəkdə yaradılması ikitərəfli gündəliyimizdə mühüm mərhələyə çevriləcək. Bu, təhsil, elm, innovasiya və insan kapitalının inkişafı sahələrində əməkdaşlığımızı daha da institusionallaşdıracaq və cəmiyyətlərimiz arasında davamlı bir körpü yaradacaq”, - nazirin birinci müavini qeyd edib.
Elnur Əliyev bildirib ki, dünya iqtisadiyyatı sürətlə dəyişir və bu yeni reallıqda ölkələr yalnız təbii resurslara, coğrafiyaya görə deyil, bilik, innovasiya və liderliyə görə uğur qazanacaqlar: “Biz bunu aydın şəkildə anlayırıq. Məqsədimiz şaxələndirilmiş, innovasiyaya əsaslanan və bilik yönümlü iqtisadiyyat qurmaqdır. “IE Hub” bu məqsədi dəstəkləyərək Azərbaycana qlobal təcrübə, müasir düşüncə və praktik liderlik bacarıqları gətirəcək. Bugünkü mərasim bir başlanğıcdır. Əminik ki, bu mərkəz yeni ideyaların yarandığı, yeni liderlərin formalaşdığı və yeni tərəfdaşlıqların qurulduğu bir məkana çevriləcək”.