SOCAR Bakıdakı IE Liderlik və İnnovasiya Mərkəzini uzunmüddətli strateji investisiya kimi nəzərdən keçirir - Rövşən Nəcəf

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) IE Liderlik və İnnovasiya Mərkəzini uzunmüddətli strateji investisiya kimi nəzərdən keçirir.

Trend xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf İspaniyanın IE Universiteti ilə Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimində bildirib.

Onun sözlərinə görə, 180 ildən artıq müddətdə neft sənayesi dövlətin inkişafına mühüm töhfə verib, lakin bu gün strateji prioritet yeni liderlər nəslinin formalaşdırılması və insan potensialının inkişafı olmalıdır.

“Artıq Azərbaycan üçün yalnız ənənəvi təbii resurslara deyil, həm də biliklərin və insan kapitalının inkişafına diqqət yetirməyin vaxtıdır. Məhz bunlar Azərbaycanın gələcək inkişafının əsas amillərinə çevriləcək”, – deyə o bildirib.

R. Nəcəf vurğulayıb ki, IE beynəlxalq universiteti, özəl sektor və SOCAR-ın iştirakı ilə həyata keçirilən birgə təşəbbüs Azərbaycanda dünya səviyyəli liderlik və innovasiya mərkəzinin yaradılmasına yönəlib.