Gömrük orqanlarının vəzifələri artırılacaq.
Trend-in məlumatına görə, bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, aşağıdakılar da gömrük orqanlarının vəzifəsi hesab ediləcək:
- gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq;
- xarici ticarət iştirakçısının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxdığı müəyyən edildikdən sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək;
- milli valyutanın, milli valyutada qiymətli kağızların və valyuta sərvətlərinin gömrük sərhədindən müvafiq qanunvericiliyə uyğun olaraq keçirilməsinə nəzarət etmək, habelə bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda valyuta nəzarətini həyata keçirmək;
- dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində qanunvericiliyə uyğun olaraq baytarlıq, fitosanitar və sanitariya nəzarətini həyata keçirmək;
- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən avtonəqliyyat vasitələrinin beynəlxalq daşımalara buraxılış kartlarının, xarici ölkə daşıyıcılarına verilən “İcazə blankları”nın (jurnallarının), habelə ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinə dair icazələrin, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş hallarda dövlət sərhədindən buraxılış məntəqələrində qəbul edilən məlumatların və sənədlərin mövcudluğunu yoxlamaq;
- müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada malların idxalı ,ixracı və tranziti barədə məlumatların digər dövlətlərin gömrük xidmətləri ilə elektron formada mübadiləsi, gömrük rəsmiləşdirilməsi və nəzarəti müddətinin mümkün qədər qısaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində iştirak etmək yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına şərait yaratmaq;
- digər dövlət orqanları ilə əməkdaşlıq etmək, həmçinin müvafiq məqsədlərə nail olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş hallarda onların fəaliyyətini əlaqələndirmək;
- səyyar gömrük auditinin nəticələri üzrə tərtib edilən aktın nüsxəsini və səyyar gömrük auditinin materiallarına baxılmanın nəticələri üzrə qəbul edilən qərarın surətini müvafiq olaraq akt tərtib edildiyi və qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günü ərzində barəsində gömrük auditi aparılan şəxsə (onun nümayəndəsinə) yazılı, o cümlədən elektron formada təqdim etmək.