AİB Azərbaycan və digər ölkələrdə yeni nəsil sərhəd-keçid məntəqələrinin yaradılması üzrə layihəni təsdiqləyib

Asiya İnkişaf Bankı Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq proqramına (CAREC) üzv ölkələr üçün yeni nəsil sərhəd-keçid məntəqələrinin inkişafı üzrə layihəni təsdiqləyib.

Trend bu barədə banka istinadən xəbər verir.

Regional layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir.

Layihənin icrası 1 milyon ABŞ dolları məbləğində Xüsusi Texniki Yardım Fondu hesabına dəstəklənəcək.

 

Texniki yardım, iqlim və innovativ həllər nəzərə alınmaqla sərhəd-keçid məntəqələrinin inkişafında, xüsusilə CAREC ölkələrinə fokuslanmaqla, Asiya İnkişaf Bankı və inkişaf etməkdə olan iqtisadiyyata malik iştirakçı ölkələrə dəstəyin göstərilməsinə yönəlib. Təşəbbüs çərçivəsində regionun nəqliyyat dəhlizləri boyunca kiçik layihələr silsiləsinin maliyyələşdirilməsini nəzərdə tutan BUILD mexanizmi çərçivəsində sərhəd infrastrukturunun modernləşdirilməsi layihələrinin təşviqi üçün CAREC platformasından istifadə olunacaq.

Texniki yardım ən azı üç prioritet sərhəd-keçid məntəqəsi layihəsinin hazırlanmasını (ilkin əsaslandırma, texniki-iqtisadi əsaslandırmalar və kompleks ekspertiza daxil olmaqla), BUILD mexanizmi vasitəsilə maliyyələşdiriləcək sərhəd-keçid məntəqəsi layihələrinin hazırlanması və icrası üçün yeni yanaşmanın işlənib hazırlanmasını, eləcə də CAREC ölkələrinin sərhəd infrastrukturunun inkişafı və idarə olunması sahəsində potensialının artırılması tədbirlərini əhatə edir.

Layihənin sərhədlərdə infrastruktur və prosedurları yaxşılaşdıracağı, həmçinin CAREC nəqliyyat şəbəkəsi boyunca ticarət üçün vaxt və xərcləri azaldacağ gözlənilir.