Yaxın Şərqdəki müharibə enerji daşıyıcıları qiymətlərində son 4 ilin ən böyük artımına səbəb olacaq – Dünya Bankı

Yaxın Şərqdəki müharibənin qlobal əmtəə bazarlarına güclü təzyiq göstərməsi fonunda bu il enerji daşıyıcılarının qiymətlərinin 24 faiz artaraq 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bəri ən yüksək səviyyəyə çatacağı gözlənilir.

Trend bu barədə Dünya Bankı Qrupunun “Əmtəə bazarlarına baxış” adlı son hesabatına istinadən məlumat verir.

Məlumata görə, ümumilikdə 2026-cı ildə xammal qiymətlərinin 16 faiz artacağı proqnozlaşdırılır. Bu artım enerji və gübrə qiymətlərinin yüksəlməsi, eləcə də bir sıra əsas metallar üzrə rekord səviyyədə yüksək qiymətlərlə əlaqədardır.

 

Təhlildə qeyd olunur ki, bu şok iş yerlərinin yaradılması və inkişaf üçün ciddi nəticələrə səbəb olacaq.

“Enerji infrastrukturuna hücumlar və dünya üzrə dəniz yolu ilə neft tədarükünün təxminən 35 faizinin keçdiyi Hörmüz boğazında gəmiçiliyin pozulması tarixin ən böyük neft təklifi şokuna yol açıb: ilkin mərhələdə qlobal tədarük günə təxminən 10 milyon barel azalıb. Son dövrlərdəki maksimum səviyyələrdən geriləməyə baxmayaraq, aprelin ortalarında "Brent" markalı neftin qiyməti ilin əvvəli ilə müqayisədə 50 faizdən çox yüksək olaraq qalırdı. Gözlənilir ki, 2026-cı ildə "Brent" markalı neftin orta qiyməti 2025-ci ildəki 69 dollarla müqayisədə 86 dollar təşkil edəcək. Bu proqnozlar ona əsaslanır ki, ən kəskin fasilələrin may ayında başa çatacağı və Hörmüz boğazı vasitəsilə gəmiçiliyin 2026-cı ilin sonuna qədər tədricən müharibədən əvvəlki səviyyəyə bərpa olunacağı gözlənilir”, – deyə bank bildirir.