Qlobal ticarət müharibələri və geosiyasi gərginliklər Azərbaycanın iqtisadiyyatına və ixrac istiqamətlərinə müəyyən təsirlər göstərir.
Bu barədə AZƏRTAC-a iqtisadçı-ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, bu təsirlər həm müsbət, həm də mənfi xarakter daşıyır. Müsbət tərəfi ondan ibarətdir ki, Azərbaycanın əsas ixrac məhsulları olan neft, neft məhsulları və təbii qazın qiymətləri qlobal gərginliklər zamanı artır. Xüsusilə neft qiymətləri bu cür proseslərə daha həssas olur. Nəzərə alsaq ki, ölkə ixracının təxminən 85–90 faizi məhz bu enerji resurslarından formalaşır, qiymətlərin yüksəlməsi Azərbaycana əlavə gəlir gətirir. Bununla yanaşı, qlobal gərginliklər qızılın qiymətinin artmasına da səbəb olur. Azərbaycan qızıl ixrac edən ölkə olduğu üçün bu sahədə də müəyyən üstünlüklər yaranır. Eyni zamanda, elektrik enerjisi ixracında müsbət təsirlər müşahidə oluna bilər: “Lakin bu proseslərin mənfi tərəfləri də mövcuddur. Xüsusilə qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlər dünya təchizat zəncirindən asılı olduqları üçün çətinliklərlə üzləşirlər. Bu şirkətlər istehsal zamanı istifadə etdikləri xammalın, yarımfabrikatların və texnologiyanın mühüm hissəsini xaricdən idxal edirlər. Qlobal gərginliklər zamanı isə həmin məhsulların qiyməti artır və nəticədə istehsal xərcləri yüksəlir. Bu da öz növbəsində məhsulların satış qiymətlərinə təsir edir və qeyri-neft ixracının rəqabət qabiliyyətini azalda bilər”.
Ekspert bildirib ki, bundan əlavə, belə dövrlərdə logistika və daşınma xərcləri də artır. Daşınma xərclərinin yüksəlməsi qeyri-neft sektorunda ixrac əməliyyatlarının daha da baha başa gəlməsinə səbəb olur və tranzaksiya xərclərini artırır. Nəticə etibarilə, qlobal ticarət müharibələri və geosiyasi gərginliklər Azərbaycanın iqtisadiyyatına ikitərəfli təsir göstərir: enerji sektorunda müsbət nəticələr yaratsa da, qeyri-neft sektorunda müəyyən çətinliklərə səbəb olur.