Dövlət Neft Fondu yüksək neft qiymətlərinin Azərbaycan iqtisadiyyatına mənfi təsirlərini yumşalda bilər - İnqilab Əhmədov

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) ölkə iqtisadiyyatına yüksək neft qiymətlərinin mənfi təsirlərini yumşaltmağa imkan verən əsas mexanizm olaraq qalmaqdadır.

Azərbaycanlı iqtisadçı-ekspert İnqilab Əhmədov Trend-ə bildirib ki, dövlət büdcəsinə məhdud transfertlər siyasəti saxlanılarsa və onların 2030-cu ilə qədər mərhələli şəkildə azaldılması davam etdirilərsə, neft gəlirlərinin bir hissəsi sterilizə edilərək xaricdə idarə oluna bilər ki, bu da ölkə iqtisadiyyatına təzyiqi azaldar.

“Hazırda neft qiymətlərinin artımı daha çox qlobal enerji keçidi ilə deyil, dünyada baş verən proseslərlə əlaqədar geosiyasi amillərlə şərtlənir. Buna görə də əsas məsələ bu amilin qısamüddətli, ortamüddətli, yoxsa uzunmüddətli xarakter daşımasıdır, belə ki, onun iqtisadiyyata təsiri məhz bundan asılıdır, ələlxüsus da neftdən asılılığın hələ də yüksək olduğu Azərbaycan kimi ölkələrdə. Hazırda demək olar ki, ən azı bu il üçün trendin dəyişməsi mümkündür. Neftin qiymətinin 100 dollardan yuxarı səviyyədə ən azı bir neçə ay qalacağı gözlənilir, hərçənd, bu müddət daha uzun da ola bilər, o cümlədən Hörmüz boğazı ətrafında gərginlik səbəbindən”,- deyə İ. Əhmədov qeyd edib.

Onun sözlərinə görə, son illərdə makroiqtisadi göstəricilərdə neft sektorunun payının azalması və həm ÜDM-də, həm də ixracda qeyri-neft sektorunun artımı müşahidə olunurdu.

“Büdcə gəlirlərində bu, Dövlət Neft Fondundan sabit transfertlər səbəbindən o qədər də nəzərə çarpmırdı, lakin ümumi dinamika aydın idi. İndi isə bu trendin dəyişməsi ehtimalı yüksəkdir”,- deyə o bildirib.

İ. Əhmədov vurğulayıb ki, qısamüddətli perspektivdə təsir müsbət olacaq, ÜDM-in artımı gözlənilir, çünki iqtisadi dinamika böyük ölçüdə neft sektoru ilə bağlıdır.

“Hətta qeyri-neft iqtisadiyyatının artımı da sektorlararası əlaqələri nəzərə aldıqda böyük dərəcədə neft gəlirlərini əks etdirir. Bundan əlavə, yüksək neft qiymətləri fonunda büdcə xərclərinin artırılması, o cümlədən il ərzində büdcə parametrlərinə yenidən baxılması mümkündür ki, bu da iqtisadi artımı əlavə stimullaşdıracaq.

 

Lakin ortamüddətli və uzunmüddətli perspektivdə nəticələr mənfi ola bilər. Neft amili zəiflədikdə dövlət, adətən, qeyri-neft sektorunun inkişafını sürətləndirməyə və biznes mühitini yaxşılaşdırmağa məcbur olur. Yüksək neft gəlirləri isə əksinə, şaxələndirmə üçün stimulları azaldır. Nəticədə neft yenidən dominant mövqeyə keçir, qeyri-neft sektorunun inkişafı isə zəifləyir. Belə vəziyyət 2015-ci il devalvasiyalarından sonra artıq müşahidə olunmuşdu: 2016–2017-ci illərdə şaxələndirmə istiqamətində fəal addımlar atılsa da, neft gəlirlərinin bərpası ilə prioritetlər yenidən dəyişdi. Bu ssenarinin təkrarlanması riski var: qısamüddətli dövrdə makroiqtisadi göstəricilər yaxşılaşacaq, lakin uzunmüddətli perspektivdə bu, iqtisadiyyatın neftdən asılılığını gücləndirə və dayanıqlı inkişafı ləngidə bilər”,- deyə iqtisadçı-ekspert bildirib.

O əlavə edib ki, təcrübə göstərir ki, yüksək neft qiymətləri demək olar ki, heç vaxt hökumətləri iqtisadiyyatı şaxələndirməyə təşviq etmir:

“Əksinə, əksər hallarda, xüsusilə neft ölkələrində, bu istiqamətdə fəal addımlar qiymətlər azaldıqda və neft gəlirləri artıq iqtisadiyyatı əvvəlki səviyyədə dəstəkləyə bilmədikdə atılır. Məhz belə dövrlərdə fiskal və monetar şərtlər daxil olmaqla makroiqtisadi vəziyyət islahatları stimullaşdırmağa başlayır”.

“Bununla yanaşı, Azərbaycanın müəyyən bir xüsusiyyəti var - Neft Fondunun mövcudluğu. Neft gəlirlərinin əsas hissəsi birbaşa dövlət büdcəsinə deyil, məhz orada toplanır və sonradan transfertlər həyata keçirilir. Əgər hökumət mövcud siyasəti qoruyarsa, transfertlərin həcmini planlaşdırılandan artıq artırmazsa və onların 2030-cu ilə qədər mərhələli azaldılması kursunu davam etdirərsə, bu, müsbət rol oynaya bilər. Bu halda neft gəlirlərinin bir hissəsi sterilizə ediləcək və xaricdə idarə olunacaq ki, bu da daxili iqtisadiyyata təzyiqi azaldacaq. Lakin neft gəlirlərinin artımının dövlət xərclərinin planlaşdırılandan artıq yüksəlməsinə gətirib çıxarması riski də mövcuddur”,- deyə İ. Əhmədov vurğulayıb.

O qeyd edib ki, ümumilikdə beynəlmilləl qayda belədir: əgər yüksək neft gəlirləri qısamüddətli səciyyə daşıyırsa, onları birbaşa iqtisadiyyata yönəltməkdənsə, yığım üçün istifadə etmək və ya xaricdə idarə etmək daha məqsədəuyğundur. Əgər yüksək qiymətlərin ən azı ortamüddətli dövrdə qalacağına əminlik varsa, hökumətlər adətən büdcə xərclərini artırır, əməkhaqları yüksəlir, sosial proqramlar genişlənir və iqtisadi fəallıq güclənir.

“Hazırkı qiymət artımı əsasən geosiyasi amillərlə bağlıdır və buna görə də onun davametmə müddətini proqnozlaşdırmaq son dərəcə çətindir. Belə şəraitdə ən rasional yanaşma yüksək qiymətlərin müvəqqəti xarakter daşıdığı ehtimalına əsaslanan mühafizəkar siyasətin aparılması, iqtisadiyyatın neftdən asılılığının artırılmaması və şaxələndirmə kursunun qorunub saxlanılmasıdır”,- deyə iqtisadçı-ekspert yekunlaşdırıb.