Böyük Britaniyanın şəhərsalma sahəsində fəaliyyət göstərən “Chapman Taylor” şirkətinin İdarə Heyətinin direktoru Marselina Zielinska Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində bir neçə paneldə iştirak edəcək.
Bu barədə AZƏRTAC-a danışan Marselina Zielinska WUF13 ilə bağlı gözləntilərini və şəhərlərin üzləşdiyi əsas çağırışlar haqqında fikirlərini bölüşüb.
O bildirib ki, builki forumun əsas diqqət mərkəzində mənzil məsələsi dayanacaq. İnkişaf etməkdə olan ölkələrdə sürətli əhali artımı yeni tikintiyə böyük tələbat yaradır və bu proses həm sürətli, həm də maliyyə baxımından əlçatan şəkildə həyata keçirilməlidir. Eyni zamanda, inkişaf etmiş ölkələr ətraf mühitin qorunmasına böyük vəsait yatırsa da, inkişaf etməkdə olan ölkələr zəruri bilik və investisiyanı cəlb etməkdə çətinlik çəkir. Zielinska qeyd edib ki, WUF13-ün gələcək inkişaf istiqaməti ilə bağlı canlı müzakirələrə təkan verəcəyini gözləyir.
Marselina Zielinska əlavə edib ki, WUF13 kimi platformalar maraqlı tərəfləri bir araya gətirərək təcrübə mübadiləsinə və dialoqa imkan yaradır. Bu müzakirələr həm insanlar, həm də planet üçün daha yaxşı gələcək təmin edən həllərin formalaşmasına kömək edə bilər.
O, Azərbaycanın WUF13-ə ev sahibliyi etməsini də yüksək qiymətləndirib. Qeyd edib ki, belə qlobal tədbirlər ölkə üçün həm bilik mübadiləsi, həm də beynəlxalq əməkdaşlıq baxımından yeni imkanlar yaradır. Marselina Zielinskanın sözlərinə görə, müxtəlif ölkələrdən olan iştirakçıların təcrübə və çağırışlarını paylaşması yerli problemlərin həlli üçün yeni ideyaların formalaşmasına şərait yaradır. WUF13 platforması Azərbaycanın qlobal fəaliyyətlərdə lider və yeni texnologiyalara investisiya edən qabaqcıl ölkə kimi nailiyyətlərini nümayiş etdirməyə imkan yaradacaq.