Cari ilin ilk rübündə ölkəmizin qeyri-neft-qaz ixracının dəyəri illik müqayisədə 12% artaraq 862 milyon ABŞ dolları təşkil edib.
Trend xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bu gün Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda deyib.
O bildirib ki, bu müsbət dinamikanın davamlı xarakter alması üçün yerli istehsalçıların beynəlxalq platformalarda təmsil olunması, alıcılarla birbaşa əlaqə qurması və yeni bazarlara çıxışı xüsusi önəm daşıyır:
"AZPROMO məhz bu istiqamətdə sistemli fəaliyyət göstərir və geniş təcrübəyə malikdir. Agentliyin dəstəyi ilə Azərbaycan şirkətləri müntəzəm olaraq qlobal və yerli sərgilərdə uğurla iştirak edir, yerli məhsullarımız vahid ölkə stendlərində “Made in Azerbaijan” brendi altında təqdim edilir, ixrac müqavilələri imzalanır, məhsullarımız yeni bazarlara çıxarılır.
2025-ci ildə 46 şirkət “Made in Azerbaijan” brendi altında 6 beynəlxalq sərgidə (“The Saudi Food Show 2025”, “Russia Halal Expo 2025”, “KazBuild 2025”, “Anuga 2025”, “CIIE 2025”, “Big 5 Global 2025”) iştirak edib. Sərgilər çərçivəsində yerli şirkətlər tərəfindən yeni alıcıların tapılması, eləcə də mövcud alıcılarla əməkdaşlığın genişləndirilməsi həyata keçirilib".
Y. Abdullayev bildirib ki, bu il də ixracatçıların fəaliyyətinin dəstəklənməsi istiqamətində işlər davam etdirilir:
"Cari ildə Agentliyin dəstəyi ilə şirkətlərimiz vahid ölkə stendi ilə Dubay şəhərində “Gulfood 2026”, Düsseldorfda isə “ProWein 2026” sərgilərində iştirak ediblər. Bu ay həmçinin ixracatçılarımızın “Russia&Islamic World Cooperation Expo 2026”, eləcə də sentyabr ayında Ər-Riyad şəhərində keçirilməsi planlaşdırılan “Saudi Food Expo 2026” sərgilərində iştirakının təmin olunması nəzərdə tutulur. Yerli sərgilərə gəldikdə, oktyabr ayında 6-cı “Rebuild Karabakh”da iştirakımız nəzərdə tutulur.
2024 və 2025-ci illərdə olduğu kimi, builki “InterFood” sərgisində də AZPROMO stendlə iştirak edir. Stenddə təbii bal, meyvə-tərəvəz, qurudulmuş meyvələr, alkoqolsuz içkilər, şərab və süd məhsullarının istehsalı sahələrində fəaliyyət göstərən 10 şirkət təmsil olunur. Fürsətdən istifadə edib bütün iştirakçıları stendimizi ziyarət etməyə dəvət edirəm.
Onu da qeyd etmək istərdim ki, AZPROMO tərəfindən “InterFood” sərgisi çərçivəsində yerli sahibkarlarımızın Belarus və İtaliya şirkətləri ilə B2B görüşlərinin təşkilinə dəstək göstərilməsi nəzərdə tutulur".